Qeyri-sabit havanın kənd təsərrüfatına zərəri: İstehsal azalır, qiymətlər qalxır

 Qeyri-sabit havanın kənd təsərrüfatına zərəri:  İstehsal azalır, qiymətlər qalxır
  27 İyun 2024    Oxunub:1625
Son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti höküm sürür. Bu da kənd təsərrüfatının ayrı-ayrı sahələrinə müxtəlif cür təsir edir. Artan yağışlar əks təsir göstərib bitkilərin kökünün çürüməsinə və xəstəliklərin yaranmasına səbəb olur. Eyni zamanda bu cür hava şəraiti əkin və yığım dövrlərinə təsir edərək məhsuldarlığı azalda da bilər.
Ölkədə qeyri-sabit hava şəraiti davam edir
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat katibi Vüqar Hüseynov AzVision.az -a bildirib ki, hava şəraitinin qeyri-sabit keçməsi kənd təsərrüfatına təsirsiz ötüşməyib:

“İndi aktiv biçin dövrüdür. Ölkə ərazisinə yağıntıların düşməsi taxıl biçinində ləngimələrə səbəb olur. Sahələr yaş olduğu üçün kombaynlar əraziyə girə bilmirlər. Bu səbəbdən son günlər ərzində biçinlərdə bir qədər fasilə yaranıb. Hava şəraiti dəyişməzdən əvvəl təxminən 1300-ə yaxın kombayn respublika üzrə biçin prosesində iştirak edirdi. İndi bunun sayı təxminən 10 dəfəyə qədər azalıb. Dağlıq ərazilərə düşən dolu nəticəsində böyük bağlara da ziyan dəyib”.

Qurum rəsmisinin sözlərinə görə, artıq üçüncü ildir ki, ölkədə Aqrar Sığorta Fondu təsis olunub:

“Öz sahəsini sığortalayan fermerlərə dəymiş zərərin ödənişi həyata keçirilir. Fermerin təsərrüfatına zərər dəyirsə, 10 gün ərzində Aqrar Sığorta Fonduna məlumat verməlidir. Məlumat verildikdən dərhal sonra Aqrar Sığorta ekspertləri həmin sahəyə baxış keçirərək dəymiş zərəri müəyyənləşdirirlər. Zərər dəydiyi təsdiqləndikdən sonra həmin vətəndaşa müqavilədə göstərilən məbləğdə yardım göstərilir.

İldən-ilə təsərrüfatını sığorta etdirən fermerlərin sayı da artır. Hazırda təxminən 40-a yaxın ekspert bölgələrdə sığortalanmış təsərrüfatlara dəymiş zərəri müəyyənləşdirilir”.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə deyib ki, bəzi fermerlər aqrotexniki qaydalara əməl etmir.

"Bitkiləri normaya uyğun mineral elementlərlə təmin etmirlər. Bu səbəbdən yağış yağanda və külək əsəndə bitkilər meyvələrini tökür. Bu cür fermerlərin sayı həddindən artıq çoxdu.

Bəzi məhsulların, məsələn gilasın, əriyin istehsalında azalma müşahidə olunur. Bu da qiymətlərin artımına səbəb olur. Digər tərəfdən, bu il bazara çıxarılan məhsulların əksəriyyətinin keyfiyyəti aşağı, qiyməti isə yüksəkdir. Məhsulun yaxşısını yığıb Rusiyaya göndərirlər”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   kəndtəsərrüfatı   qeyri-sabithava   biçin  





Xəbər lenti