Avropanın 4 ölkəsi Rusiyadan qorunmaq istəyir

   Avropanın 4 ölkəsi    Rusiyadan qorunmaq    istəyir
  27 İyun 2024    Oxunub:994
Rusiya və Belarusla sərhəddə “müdafiə xətti” çəkməyi planlaşdıran Polşa, Latviya, Litva və Estoniya Avropa İttifaqından (Aİ) bunun üçün vəsait ayırmağı xahiş edirlər.
AzVision.az xəbər verir ki, siyahıda adı çəkilən ölkələrin liderlərinin Aİ Şurasına sədrlik edən Belçikaya göndərdiyi məktuba istinad göstərən “Reuters” agentliyi belə məlumat yayıb.

Müraciəti imzalayan Polşa və Baltikyanı ölkələr Moskva və Minskin “hərbi təhdidindən və zərərli hərəkətlərindən” müdafiə olunmaq üçün birlik üzvlərini vəsait ayırmağa çağırıb.

“Aİ-nin Rusiya və Belarusla xarici sərhədi boyunca müdafiə infrastrukturu sisteminin qurulması təcili olaraq Aİ-ni hərbi və hibrid təhlükələrdən qorumağa kömək edəcək. Belə birgə tədbirlərin miqyası və dəyəri Aİ-nin məqsədyönlü siyasi və maliyyə səylərini tələb edir”, -məktubda deyilir.

Məktub müəlliflərinin fikrincə, sərhədin texniki təchizatı NATO ilə razılaşdırılmalı və alyansın hərbi tələblərinə uyğun şəkildə həyata keçirilməlidir.

Agentliyin diplomatik dairələrdən olan həmsöhbətləri 700 km-lik müdafiə xəttinin tikintisi üçün ən azı 2,5 milyard avronun lazım olduğunu və bu məsələnin Aİ-nin iyunun 27-28-də keçirilən sammitində müzakirə ediləcəyini vurğulayıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   Rusiya  





Xəbər lenti