Qriqoryan: “Rusiya özü bizə silah verməkdən imtina edib”

   Qriqoryan: “Rusiya özü bizə    silah verməkdən imtina    edib”
  26 İyun 2024    Oxunub:1748
Rusiya ilə Ermənistan arasında təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində sonrakı əməkdaşlıq prosesləri Moskvanın mövqeyindən asılıdır.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə bəyanatla çıxış edib.

O, jurnalistlərin sualına cavab olaraq bildirib ki, məhz Moskvanın özünün qərarı ilə Ermənistana silah və hərbi texnika tədarükü strukturunda Rusiyanın payı əvvəlki 96%-dən 10%-ə qədər azalıb.

“Məhz Rusiya silah və sursat verməmək qərarına gəlib. Yeri gəlmişkən, onlar hələ də müqavilələrdə nəzərdə tutulanları tam çatdırmayıblar. Maraqlıdır ki, Rusiya təmsilçilərinin Ermənistanın başqa ölkələrdən silah almasından şikayətlənməsinə baxmayaraq, 2021-2022-ci illər üçün müqavilələr üzrə tədarükləri davam etdirmirlər”, - Qriqoryan deyib.

Moskvanın öz mövqeyini necə izah etməsi ilə bağlı sualın cavabında Armen Qriqoryan rusiyalı tərəfdaşların səbəb kimi Ukraynadakı hərbi əməliyyatları göstərdiyini bildirib. O, habelə Ermənistanın silah və sursatları ancaq öz ərazi bütövlüyünü qorumaq üçün aldığını söyləyib.

“Bu vaxta qədər əldə edilən bütün silahlar yalnız Ermənistanın suveren ərazisini qorumaq üçün istifadə olunacaq”, - Ermənistanın Təhlükəsizlik Şurasının katibi deyib.

Qriqoryanın Ermənistan-Rusiya münasibətlərində, o cümlədən də hərbi-texniki sahədə əməkdaşlıqda yaranmış gərginliyə görə məsuliyyəti Moskvanın üzərinə atmaq cəhdi erməniçilik ideoloqlarının ənənəvi ikiüzlü siyasətinin növbəti təzahürüdür. Həmin siyasətin ən vacib komponentlərindən biri isə “bütün havadarlar və tərəfdaşlar ermənilərə borcludurlar, ermənilərin isə heç kimin qarşısında öhdəliyi yoxdur” prsinsipidir.

Rusiyanın uzun müddət erməni təcavüzünü dəstəkləməsinin acı nəticələrindən düzgün nəticə çıxaran Kreml, nəhayət ki, Moskvanın özünün Cənubi Qafqazda maraqlarını sarsıdan bu siyasətdən geri çəkildi. Azərbaycan, Türkiyə və Rusiyanın bölgədə birgə formalaşdırdıqları yeni geosiyasi konfiqurasiyanın Ermənistandakı revanşistlər və onun Qərbdəki yeni ağaları tərəfindən hədəfə alındığını görən Moskva İrəvanla hərbi-texniki sahədə əməkdaşlığın müəyyən çərçivəyə salmağa qərar verdi.

Daha doğrusu, Ermənistanın Rusiyanı açıq-aşkar Azərbaycanla müharibəyə sürükləmək avantürasını birmənalı şəkildə rədd etdi. Elə bu kontekstdə də Kreml Ermənistanı silahlandırmaq siyasətinin Rusiyanın Cənub Qafqazdakı maraqları üçün nə qədər təhlükəli olduğunu düzgün qiymətləndirərək, İrəvanın yenidən militaristləşmək arzusunu dəstəkləmədi. Çünki Ermənistanın slahlanması onun təcavüzkar iştahının oyanmasına və Cənubi Qafqazda yeni müharibənin alovlanmasına rəvac verəcək ki, bu da son nəticədə Rusiyanın iki cəbhədə savaşmasına gətirib çıxaracaq. Ona görə də, Ermənistana silah tədarükünü kəskin şəkildə azaldan Moskva, Qərbin İrəvanı silahlandırmaq siyasətini də sərt şəkildə tənqid edir.

Bu baxımdan, Armen Qriqoryanın məsuliyyəti Rusiyanın üstünə atması ictimai rəyi çaşdırmaq cəhdindən başqa bir şey deyil.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti