Anar Bağırov: "Azərbaycanda vəkillərin sayı artıb"

   Anar Bağırov:    "Azərbaycanda vəkillərin sayı artıb"
  21 İyun 2024    Oxunub:1101
"Badamdar Estates” mehmanxanasında “İnsan hüquqları aylığı” ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir.  
Tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb.

Mərasimdə Kollegiya sədri Anar Bağırov çıxış edərək Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da yüksələn nüfuzundan danışıb, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan vəkilliyinin bu gün daha da böyüdüyünü, gücləndiyini və vətəndaşların hüquqi yardıma çatımlılığının tam təmin edildiyini vurğulayıb.

Sədr Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq vəkillərin sayının artdığını, dövlət başçısının ölkədə vəkillik fəaliyyətinin gücləndirilməsinə çox böyük dəstək göstərdiyini bildirib, ARVK-nın beynəlxalq əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən, “İnsan hüquqları aylığı” çərçivəsində vəkillərin fəal iştirakından söz açıb, habelə digər məsələlər barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, müxtəlif bayramlar və o cümlədən “İnsan hüquqları aylığı” çərçivəsində 1500-ə yaxın vətəndaşa pulsuz hüquqi yardım gösətərilib.

Həmçinin Anar Bağırov son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini bildirib, Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sisteminin hazırkı fəaliyyətindən danışıb, o cümlədən bu sistem vasitə ilə 47 Vəkil Bürosunda və fərdi qaydada fəaliyyət göstərən 20 vəkil tərəfindən indiyədək ümumilikdə 1300-ə yaxın müqavilə imzalanıldığınıvurğulayıb.

Diqqətə çatdırılıb ki, 2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 13 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 5488 namizəddən 1627 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran ümumilikdə 51 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar.

Eyni zamanda bildirilib ki, namizədlər sırasında əvvəllər hakim işləmiş 6, vəkilik fəaliyyəti ilə məşğul olmuş 6 nəfər qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıb. O cümlədən 3 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edir. Beləliklə, vəkillərin sayı 2502 nəfərə çatıb.
AzVision.az



Teqlər: Vəkil  





Xəbər lenti