Latviyada Azərbaycana həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

   Latviyada Azərbaycana həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
  20 İyun 2024    Oxunub:921
Latviya Universitetində “Azərbaycan elm və poeziyanın qovşağı kimi: mədəni irsin aktuallaşdırılmasında fənlərarası yanaşma imkanları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin dəstəyi və Latviya Universitetinin təşkilatçılığı ilə reallaşıb
AzVision.az xəbər verir ki, tədbirin açılışında Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bildirib ki, 2024-cü ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. O, konfransın Azərbaycanla Latviya arasındakı akademik əlaqələrin güclənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Səfir multikultural və etnik cəhətdən müxtəlifliyi ilə seçilən Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulayıb və ölkəmizin tolerantlıq və qarşılıqlı hörmət dəyərlərini qoruyaraq mədəniyyətlərarası dialoqun təşviqində oynadığı rolunun əhəmiyyətini diqqətə çatdırıb. O, dünya elm və ədəbiyyatında müstəsna yer tutan Azərbaycanın görkəmli şəxsiyyətlərindən danışıb.

Konfransda Azərbaycan, Latviya və Pakistan alimləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və Azərbaycanın digər dahi mütəfəkkirləri və şairlərinin əsərlərinin dünya elmi və mədəniyyətinə verdiyi töhfələri, orta əsrlərdə mədəniyyətlərarası əlaqələrdə Azərbaycan poeziyası və fəlsəfəsi barədə tədqiqatlarını təqdim ediblər.

Konfransda Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan və Latviyanın məşhur şairəsi Aspaziyanın yaradıcılığının müqayisəli təhlili aparılıb, Azərbaycanın zəngin mədəni irsi və dini müxtəlifliyi, o cümlədən Qafqaz Albaniyasında xristianlıq mövzularında məruzələr dinlənilib.

Konfrans çərçivəsində Azərbaycan alimləri Latviya Universitetindəki həmkarları ilə ikitərəfli görüşlər keçirib və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmçinin Latviya Universitetinin Akademik Kitabxanasında fəaliyyət göstərən Azərbaycan İnformasiya Mərkəzini ziyarət ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti