Ukrayna Vaşinqtonla London arasına nifaq saldı

   Ukrayna    Vaşinqtonla London arasına nifaq    saldı
  20 İyun 2024    Oxunub:936
ABŞ rəsmiləri Ukraynanın NATO-ya üzvlüyü perspektivinin “dönməz” olduğunu şübhə altına aldıqdan sonra Böyük Britaniya və ABŞ hakimiyyəti arasında mübahisə yaranıb.
AzVision.az “The Telegraph” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ iyulda Vaşinqtonda keçiriləcək yubiley sammitində Ukraynaya NATO-ya üzvlüklə bağlı yeni zəmanətlər verilməsi planlarından narahatdır. Böyük Britaniya isə alyansa üzv olan bəzi Avropa ölkələrinin birgə bəyanatında Ukraynanın NATO-ya üzvlüyünü “dönməz” amil kimi dəyərləndirilməsi təklifini dəstəkləyib.

Vaşinqtonun fikrincə, heç bir konkret müddət göstərilmədən üzvlük üçün “yaxşı işıqlandırılmış körpü” kimi daha ümumi ifadə işlədilməlidir. ABŞ rəsmiləri NATO-ya qoşulma yolunu “dönməz” kimi adlandırmağın bəzi üzvlər, o cümlədən Macarıstan üçün qəbuledilməz olduğunu bildirirlər.

Mərkəzi Avropa ölkələrindən birindən olan diplomat Ukraynanın NATO-ya üzvlüyünə dair Vaşinqtonun “ikibaşlı mövqeyindən və ləngiməsindən” məyusluğunu gzilətməyib.

Şimali Atlantika Alyansının bəzi üzvlər iyul ayında keçiriləcək iclasda Ukraynanın üzvlüyünün “sürətləndirilməsi” ideyasını dəstəkləyir ki, bu da onun NATO-nun kollektiv müdafiə sistemi əsasında qorunacağına daha çox əminlik yaradır.

Xatırladaq ki, ötən ilin iyul ayında NATO-nun Vilnüsdə keçirilən sammitində üzv ölkələr “Ukraynanın gələcəyi NATO-dadır” şüarı ilə razılaşsalar da, onun bloka qəbulu üçün son tarixi müəyyənləşdirməkdən imtina etdilər. O vaxt Ukrayna prezidenti Volodimir Zelenski üzvlüklə bağlı qeyri-müəyyən təklifi “şərtlərin yerinə yetirilməsi qarşılığında görünməmiş absurd” adlandırdı.

Nəşr vurğulayıb ki, böyük ehtimalla, builki sammitdə də Kiyevin səbirsizliklə gözlədiyi tarix müəyyən edilməyəcək, lakin üzvlər tərəfindən Ukrayna üçün yeni təhlükəsizlik zəmanətləri veriləcək.

Başqa sözlə desək, Kiyevi Moskva ilə böyük müharibəyə sürükləmiş kollektiv Qərb Ukraynanın NATO-ya üzvlüyü barədə yağlı vədlər verməklə kifayətlənir. Bu ssenarinin müəllifi olan Vaşinqton isə NATO üzrə avropalı müttəfiqlərinə bu məsələdə sərbəst addımlar atmasını birmənalı şəkildə qadağan edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Vaşinqton   London  





Xəbər lenti