Kəmaləddin Heydərov Belarusa səfərə gedib - FOTO/VİDEO

Kəmaləddin Heydərov Belarusa səfərə gedib -    FOTO/VİDEO
  19 İyun 2024    Oxunub:476
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyində nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında və "Milli Təhlükəsizlik. Belarus – 2024" 2-ci Beynəlxalq Təhlükəsizlik Sənayesi Sərgisində iştirak məqsədilə Belarusda səfərdədir.
AzVision.az xəbər verir ki, nümayəndə heyəti əvvəla "Minsk-arena"da təşkil olunmuş sərginin təntənəli açılış mərasimində iştirak edib. Sərgidə qəza və fəlakətlərin nəticələrinin aradan qaldırılması, o cümlədən yanğın təhlükəsizliyinə dair texnika və avadanlıqlar, müxtəlif vasitələr nümayiş olunub.

Tədbir iştirakçıları Minskdə Zəfər abidəsini ziyarət ediblər.

Günün ikinci yarısında Minskdə MDB-nin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclası keçirilib. Tədbirdə MDB ölkələrinin fövqəladə halların idarə olunmasına cavabdeh qurumlarının rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edib.

İclasda çıxış edən Kəmaləddin Heydərov Dövlətlərarası Şurasının ötən il keçirilmiş iclasından sonra keçən dövr ərzində ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülmüş işlər barədə məlumat verib. Nazir bildirib ki, görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində baş vermiş təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin minimum ziyanla və çevik şəkildə aradan qaldırılması mümkün olub. O həmçinin irimiqyaslı fövqəladə hadisələrlə səmərəli mübarizə aparılması üçün təşkilata üzv ölkələrin uyğun qurumları arasında operativ məlumat mübadiləsinin əhəmiyyətini qeyd edib.

İclasda Dövlətlərarası Şuranın 2023-2024-cü illərdə fəaliyyəti və əməkdaşlığın təkmilləşdirilməsi tədbirləri geniş müzakirə olunub, Şuranın 2024–2025-ci illər üçün əsas fəaliyyət planının layihəsi, o cümlədən qərarlarının icra vəziyyəti barədə müzakirələr aparılıb və hesabatlar dinlənilib.

Nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Dövlətlərarası Şurasının 36-cı iclasının Qərarı imzalanıb.

AzVision.az

Qalereya




Teqlər: FHN   Belarus   səfər  





Xəbər lenti