İsrail kəşfiyyatının xəbərdarlığına məhəl qoyulmayıb

   İsrail kəşfiyyatının xəbərdarlığına    məhəl qoyulmayıb
  18 İyun 2024    Oxunub:1678
İsrailin hərbi kəşfiyyat idarəsi hadisələrin başlanmsaından üç həftə əvvəl HƏMAS-ın genişmiqyaslı hücuma və girovlar götürməyə planlaşdırdığını xəbər verib.
AzVision.az İsrailin “Kan” radiostansiyasının yaydığı məlumata istinadən xəbər verir ki, müvafiq hesabat İsrailin Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin bir hissəsi olan və elektron fəaliyyətlərdə ixtisaslaşan “8200” bölməsi tərəfindən hazırlanıb.

Məlumatda qeyd olunur ki, sənəd ötən il sentyabrın 19-da müxtəlif bölmələr tərəfindən qəbul edilib və ən azı bir yüksək vəzifəli İsrail kəşfiyyatçısına təhvil verilib, lakin buna etinasız yanaşılıb.

Hesabatda HƏMAS-ın 200-250 nəfəri girov götürməyi planlaşdırdığı bildirilib (7 oktyabr hücumu zamanı 240-dan çox adam əsir götürülüb, 1200-ə yaxın insan öldürülüb). Sənəddə, həmçinin, hərbi istehkamlara və şəhərlərə basqın etmək, girovları ələ keçirmək və onları daşımaq üçün fələstinli yaraqlıların təlimlər keçirdikləri ehtiva olunur. Orada girovların öldürülməsinə hansı şəraitdə icazə verildiyi ilə bağlı HƏMAS-ın daxili təlimatları da var.

Qeyd edək ki, Yaxın Şərqdə yeni müharibənin ilk günündən əksər ekspertlər dünyanın ən güclü kəşfiyyat xidmətlərindən biri sayılan İsrailin “Mossad” təşkilatının HƏMAS-ın misli görünməmiş genişmiqyaslı hücum hazırlığından məlumatsız olması variantını şübhə altına aldılar. Qadınalr, qocalar və uşaqlar da daxil olmaqla on minlərlə insanın həyatına son qoyan və hələ də davam edən bu müharibənin müəmmaları barədə suallar günü-gündən artmaqdadır. Onun səbəbkarlarının, ssenari müəlliflərinin, təşkilatçılarının və icraçılarının əsl məqsədləri isə, böyük ehtimalla, çox-çox onilliklərdən sonra bəlli olacaq. Sözsüz ki, bu oyunların əsas iştirakçıları həqiqəti söyləmək istəsələr.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: İsrail   kəşfiyyat   xəbərdarlıq  





Xəbər lenti