Gələn həftə qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya başlanır

   Gələn həftə qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya başlanır
  14 İyun 2024    Oxunub:1821
I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının birinci cəhdinin nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya komissiyası fəaliyyət göstərəcək.
DİM-dən AzVision.az -a bildirilib ki, Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyunun 20-si saat 10:00-dan iyunun 22-si saat 17:00 dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

- Apellyasiya komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

- İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

- İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı SMS göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM İmtahan iştirakçılarının nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. İmtahanda I ixtisas qrupu Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Xatırladaq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 19-dək davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti