WP: “Tramp ABŞ-Ukrayna sazişini ləğv edə bilər”

   WP: “Tramp ABŞ-Ukrayna sazişini    ləğv edə    bilər”
  14 İyun 2024    Oxunub:1496
ABŞ-la Ukrayna arasında imzalanmış təhlükəsizlik sazişinin Konqres tərəfindən ratifikasiya olunmaması, yenidən prezident seçiləcəyi təqdirdə Donald Trampın onu ləğv etməsinə imkan yaradır.
AzVision.az xəbər verir ki, “The Washington Post” qəzeti amerikalı məmurlara istinadən gələcəkdə istənilən ABŞ prezidentinin Co Baydenlə Volodimir Zelenskinin imzaladıqları ikitərəfli 10 illik təhlükəszilik sazişini ləğv edə biləcəyini yazıb.

Smit: “Ukrayna NATO-ya daxil olmağa hazır deyil”
Həmin sənədə əsasən, 10 il müddətində Vaşinqton silah və texnikanın tədarükü, Ukrayna ordusunun təlimi və hava hücumundan müdafiə (HHM) sistemlərinin inkişafı vasitəsilə “Ukraynanın hərbi qüdrətini, eləcə də bütün döyüş funksiyaları spektri üzrə hərbi potensialının inkişafını və transformasiyasını dəstəkləyəcək” . Lakin hərbi əməliyyatlarda iştirak etmək üçün amerikalı əsgərlərin Ukraynaya göndərilməsi sazişdə öz əkisini tapmayıb.

Lakin noyabr seçkilərində iştirak etəyə hazırlaşan keçmiş prezident Donald Trampın bir çox seçkiqabağı sorğularda rəqibini qabaqladığına diqqət çəkən “The Washington Post” qəzeti, bu sazişin gələcəyinin dumanlı olduğunu yazır. Sözügedən kontekstdə qəzet Trampın hazırkı hakimiyyətin Kiyevə yardım barədə qərarlarına şübhə ilə yanaşdığını, Rusiya və Ukrayna arasındakı hərbi münaqişəyə 24 saat ərzində son qoymağa qadir olduğunu dəfələrlə bəyan etməsini xatırladıb.

Tramp, həmçinin Kiyevi dəstəkləmək üçün Avropanın daha çox öhdəlik götürməsində israrlıdır. Kiel Universitetinin məlumatına görə, Kiyevə yardımın həcmi baxımından hələ 2023-cü ilin oktyabr ayına qədər ABŞ Ukraynaya 71,3 milyard avro vəsait ayırıb ki, bunun da 43,8 milyardı hərbi sektorun payına düşür. Aprelin 24-də isə Konqresin müvafiq qərarından sonra ABŞ prezidenti Co Bayden Kiyevə daha 61 milyarda dollarlıq yardım ayrılması barədə sərəncam imzalayıb. Dövlətin daha çox pul qazanmalı olduğu prinsipinə söykənən Tramp Vaşinqtonun belə irrasional “səxavət”inin qəti əleyhinədir.

Bununla belə, Ağ Ev bildirib ki, Kiyevlə razılaşmanın məqsədi Amerika administrasiyasının rəhbərliyinə kim gəlməsindən asılı olmayaraq, ABŞ hakimiyyətini Ukraynanı dəstəkləməyə məcbur etməkdir.

“Biz nümayiş etdirmək istəyirik ki, Birləşmiş Ştatlar Ukrayna xalqının yanındadır, onların təhlükəsizlik ehtiyaclarının ödənilməsinə təkcə sabah deyil, gələcəkdə də dəstək verməyə davam edəcəyik”, - ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan vurğulayıb.

Ukrayna prezidentinin ofisinin rəhbərinin müavini İqor Jovkva isə “Yevropeyskaya pravda” qəzetinə müsahibəsində deyib ki, Kiyevin bundan əvvəl digər ölkələrlə təhlükəszilik barədə imzaladığı sazişlər yalnız siyasi öhdəlik xarakteri daşıyırdısa, ABŞ-la imzalanan müqavilə özündə hüquqi öhdəlikləri ehtiva edir.

- ABŞ Konqresinin müvafiq qətnaməsi hər iki palatada qəbul ediləcək. Bu, texniki cəhətdən ratifikasiya olmayacaq, çünki bu tip icra müqaviləsi ratifikasiya tələb etmir. Lakin biz Konqresdən siyasi və hüquqi dəstək alacağıq”, - İqor Jovkva bildirib.

Ukraynalı məmurun nikbinliyinə şərik olmayam “Politico” nəşri də seçkilərdə qalib gələcəyi halda Trampın razılaşmanı pozmaq imkanı əldə edəcəyini yazıb. Bu məsələdə onun manevr imkanlarını genişləndirən əsas məqam kimi isə ABŞ və Ukraynanın hazırkı administrasiyaları arasında bağlanmış bu sazişin Konqres tərəfindən ratifikasiya olunmayacağı göstərilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   saziş  





Xəbər lenti