Budapeşt və NATO razılıq əldə ediblər

   Budapeşt və NATO razılıq əldə ediblər
  12 İyun 2024    Oxunub:856
“Rusiya-Ukrayna müharibəsindəki mövqeyimiz aydındır. Biz uşaq deyilik. Bu, əlbəttə ki, mürəkkəb siyasi məsələdir”.
AzVision.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban iyunun 12-də NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransı zamanı deyib. O, Rusiya ilə mövcud münaqişədə iştirak etməməklə bağlı Macarıstanla Şimali Atlantika Alyansı arasında razılığın əldə olunduğunu bildirib:

“Bu elə bir vəziyyətdir ki, buna uyğun cavab tapmaq çətindir. Bu gün bizə zəmanət verilir ki, Macarıstan hərbi personalı Ukraynanın Rusiya ilə müharibəsi kontekstində hər hansı əməliyyatda iştirak etməməlidir, Macarıstanın maliyyə fondları bu münaqişədə işə salınmamalıdır. Bu müzakirə olduqca mürəkkəb, lakin konstruktiv idi və bunun üçün Baş katibə təşəkkürümü bildirirəm”, - deyə Orban vurğulayıb.

Yens Stoltenberq öz növbəsində bildirib ki, müharibənin ilk günlərindən Macarıstan minlərlə ukraynalı qaçqına sığınacaq verib və yaralı hərbçilərin reabilitasiyasına kömək edib. Onun sözlərinə görə, Macarıstanın bu səyləri birgə təhlükəsizliyə töhfə verir.

NATO-nun Baş katibi ümidvar olduğunu bildirib ki, alyansın 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək sammitində müttəfiqlər təhlükəsizlik, təlim və Ukraynaya yardım məsələlərində aparıcı rol oynamağa razı olacaqlar:

“Ümid edirəm ki, NATO üzvləri Ukraynaya hərbi yardım göstərmək üçün uzunmüddətli maliyyə planı barədə razılığa gələ biləcəklər. Baş nazir Viktor Orban açıq şəkildə bildirib ki, Macarıstan NATO-nun bu səylərində iştirak etməyəcək və mən bu mövqeyi qəbul edirəm. Şadam ki, Baş nazir Orbanla Macarıstanın NATO-ya Ukrayna ilə bağlı yardımda iştirak etməmək barədə razılığa gəlmişik”, - Y.Stoltenberq qeyd edib.

O, Macarıstanın bu fəaliyyətdə iştirak etməyəcəyini və dəstək üçün heç bir maliyyə vəsaitindən istifadə olunmayacağını bildirib:

“Eyni zamanda, Baş nazir məni əmin etdi ki, Macarıstan bu səyləri dayandırmayacaq və digər müttəfiqlərə mane olmayacaq. Baş nazir V.Orban Macarıstanın bundan sonra da NATO-nun öhdəliklərinə sadiq qalacağını vurğulayıb”, - deyə Şimali Atlantika Alyansının rəhbəri əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti