Revanşistlər parlamentdə təxribat törədəcəklər? - DİN xəbərdarlıq etdi

 Revanşistlər parlamentdə təxribat törədəcəklər?    - DİN xəbərdarlıq etdi
  12 İyun 2024    Oxunub:961
Ermənistan Daxili İşlər Nazirliyi paytaxtda etiraz aksiyası keçirən vətəndaşları və mitinq təşkilatçılarını ictimai asayişi pozan hərəkətlərdən çəkinməyə çağırıb.
Qeyd edilir ki, bu bəyanat “Vətən uğrunda Tavuş” hərəkatının bu gün saat 15:00-a parlamentin binası yaxınlığında planlaşdırılan mitinqi ilə bağlıdır. Eyni saatda parlamentdə hökumət saatı başlayacaq.

İnqilabçı keşiş indi də mollalıq edir - VİDEO
DİN məlumatında xəbərdarlıq edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıllıqla yerinə yetirəcəklər.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) də oxşar bəyanatla çıxış edərək, “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarını qanunun aliliyinə hörmətlə yanaşmağa və hüquq sistemində görülən tədbirlərə müdaxilə etməməyə çağırıb.

Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyan iyunun 9-da keçirilən mitinqdə "Vətən uğrunda Tavuş hərəkatının” tərəfdarlarını baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefasına nail olmaq üçün iyunun 10-dan 4 günlük fasiləsiz etiraz aksiyalarına başlamağa çağırıb. Bundan sonra parlament binası qarşısında çadırlar qurulub, etirazçılar oturaq aksiya keçirirlər.

Aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   DİN  





Xəbər lenti