Azərbaycan-Avstriya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

   Azərbaycan-Avstriya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib
  11 İyun 2024    Oxunub:931
İyunun 11-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Avstriya Federal müdafiə nazirinin Baş katibi doktor Arnold H.Kammelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
AzVision.az xəbər verir ki ,general-polkovnik Z.Həsənov dost və tərəfdaş ölkənin nümayəndələrini Azərbaycanda görməkdən məmnunluğunu bildirib. Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə minatəmizləmə işləri ilə bağlı görülən tədbirlər barədə qonağı məlumatlandırıb.

Görüşdə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi, o cümlədən təhlükəsizlik sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının Avstriyanın təşkilatçılığı ilə keçirilən müxtəlif kurs, seminar və treninqlərdə iştirakı yüksək qiymətləndirilib.

Müdafiə naziri avstriyalı qonağı bu ilin sentyabrında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

A.H.Kammel Azərbaycan ilə Avstriya arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Avstriya arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti müzakirə edilib, birgə hərbi əməkdaşlığın inkişafında qərargah görüşlərinin və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.




AzVision.az



Teqlər:





Xəbər lenti