"Prezident Azərbaycanı günahlandıranlara dəqiq və konkret cavab verdi"

 "Prezident Azərbaycanı günahlandıranlara dəqiq və konkret cavab verdi"
  11 İyun 2024    Oxunub:1139
"Azərbaycan-Misir münasibətləri tarixi keçmişə malikdir. Biz Misirlə istər İslam əməkdaşlıq çərçivəsində, istər Birləşmiş Millətlər Təşkilatı, istərsə də Qoşulmama hərəkatı və bütövlükdə dünyanın beynəlxalq platformalarında sıx iş birliyinə malikik".
Bu sözləri AzVision.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin Misirə səfərini şərh edərkən deyib.

"Misirlə Azərbaycan əlaqələri 1990-cı illərin əvvəllərindən başlayıb. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1994-cü ildə Ulu öndər Misirə səfər edərək bir çox mühüm görüşlər keçirib və həmin görüşdə hər iki ölkə üçün önəmli sənədlər imzalanıb.
Sonrakı dövrlərdə hər iki ölkə prezidentləri qarşılıqlı səfərlər ediblər. 2007-ci ildə cənab Prezidentin Misirə səfəri baş tutub. Bu səfər də olduqca mühim xarakter daşıyırdı. Bir il öncə Misir prezidentinin də Azərbaycana səfəri baş tutub".

Prezident: "Misirlə siyasi dialoq müntəzəm xarakter daşıyır"
Deputatın sözlərinə görə, Azərbaycan prezidentinin Misirə baş tutan səfəri onu göstərir ki, münasibətlər gələcəkdə yüksələn dinamika ilə inkişaf edəcək:

"Bu da bizim əlaqələrimizin genişlənməsində öz töfhəsini verəcək. Misir bütün platformalarda Azərbaycanın mövqeyini dəstəkləyib. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Bu ölkə ilə bir çox sahələrdə sıx əməkdaşlığımız var. Hər iki ölkənin çox böyük potensialı, ortaq dəyərləri var. Bu da bizə daha da güclü olmağa, inkişaf etməyə imkan yaradacaq".

C.Məmmədov qeyd edib ki, səfər zamanı Azərbaycanla Misir arasında ikitərəfli siyasi əlaqələr, eləcə də ölkələrimizin Beynəlxalq Təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib:

"Görüşdə Misirin COP27-ə, Azərbaycanın isə COP29-a sədirlik etməsi vurğulandı və ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olundu. Bundan başqa iki ölkə arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Cənab prezidentin səfər zamanı toxunduğu məsələlərdən biri də İsrail-Fələstin münasibətləri oldu. Prezident Azərbaycanı Fələstin məsələsində günahlandırmaq istəyənlərə çox dəqiq və konkret cavab verdi. Bildiyimiz kimi, bir neçə gün əvvəl Türkiyədə SOCAR-ın binasına hücum oldu. Müxtəlif platformalarda Azərbaycanın ünvanına müəyyən fikirlər səsləndirilirdi ki, guya Azərbaycan Fələstinlə bağlı məsələdə biganədi. Əslində bu tamamilə bizə qarşı irəli sürülən əsassız ittihamdır.

Azərbaycan İsraillə bərabər Fələstinlə də əlaqələrini gücləndirir. Buna baxmayaraq, cənab Prezident bir çox müsəlman liderlərindən fərqli olaraq Fələstində baş verənləri bir faciə kimi qiymətləndirdi. Orada baş verənlərin dayandırılmasının vacibliyini vurğuladı".

Həmsöhbətimiz onu da bildirib ki, İlham Əliyevin bu səfərdə toxunduğu mühüm məqamlardan biri də Azərbaycan-Ermənistan münasibətləri olub:

"Prezident Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında çox böyük yolun qət edildiyini bildirdi. Ölkə başçısı Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası və demarlasiyasında uğurun əldə olunmasını xüsusi qeyd etdi. Azad olunmuş torpaqlarda görülən işlər, abadlıq-quruculuq işləri xüsusi qeyd edildi".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Azərbaycan   Misir   İlhamƏliyev  





Xəbər lenti