Kollegiya 7 vəkili cəzalandırdı

   Kollegiya 7 vəkili cəzalandırdı
  08 İyun 2024    Oxunub:893
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran üç vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, onlara vəsiqələr təqdim edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Sonra ARVK-nın ictimai fəaliyyətinə verdiyi töhfələrə görə Kollegiyanın Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Lalə Nağıyeva Vəkillər Kollegiyasının "Fəxri Hüquq Doktoru" adı ilə təltif edilib. Eyni zamanda mayın 24-də "Güvən" Vəkil Bürosunun vəkillərinin ümumi yığıncağında Kollegiyanın Rəyasət Heyətinin üzvü Vüqar Babayevin büro müdiri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edilib, ona gələcək fəaliyyətində uğurlar dilənib.

Bundan başqa, Cinayət Prosessual Məcəlləsinə elektron cinayət təqibi ilə bağlı dəyişiklərə dair təkliflərə baxılıb və müsbət qərar çıxarılıb. İclasda “Elektron vəkil orderi”nin tətbiqi ilə bağlı cari vəziyyət barədə məruzə dinlənilib. Nəzərə çatdırılıb ki, “Elektron vəkil orderi” vasitəsi ilə 37 Vəkil Bürosunda və fərdi qaydada fəaliyyət göstərən 18 vəkil tərəfindən indiyədək ümumilikdə 1000-dən artıq müqavilə imzalanılıb.

Həmçinin iclasda iki vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması qərara alınıb.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədrinin yeni yaradılan Şərur rayon Vəkil Bürosuna maddi dəstəyin göstərilməsi barədə müraciətinə və o cümlədən Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunan XIII "Milli Məhkəmə Müsabiqəsi"nə dəstək göstərilməsi məsələsinə baxılıb və müsbət qərarlar qəbul edilib.

Daha sonra bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətdə üzvlük haqqından azad edilməsi və öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti 1 il müddətinə, 1 vəkilin fəaliyyəti 6 ay müddətinə dayandırılıb, 1 vəkilə töhmət verilib, 1 vəkilə irad tutulması barədə intizam tənbehləri tətbiq edilib, 3 vəkilə isə xəbərdarlıq olunub. Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti