Qazaxıstanla hərbi əməkdaşlığa dair sənəd imzalanıb - VİDEO

   Qazaxıstanla hərbi əməkdaşlığa dair sənəd imzalanıb -    VİDEO
  07 İyun 2024    Oxunub:678
İyunun 7-də Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər edib.
AzVision.az MN-ə istinadən xəbər verir ki, Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Müdafiə Nazirliyində təşkil edilən təntənəli qarşılama mərasimində hər iki ölkənin müdafiə naziri Fəxri qarovulun önündən keçib. Nümunəvi Hərbi Orkestrin ifasında Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib. Protokola əsasən, general-polkovnik R.Jaksılıkov “Şərəf kitabı”nı imzalayıb.



General-polkovnik Z.Həsənov qazaxıstanlı həmkarını salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən general-polkovnik R.Jaksılıkov səmimi qəbula görə azərbaycanlı həmkarına öz minnətdarlığını bildirib. Bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu və müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyini qeyd edən nazir, general-polkovnik Z.Həsənovu cari ilin iyul ayında Aktau şəhərində keçiriləcək "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nə dəvət edib.

Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsi məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti