Elçin Əmirbəyov: Azərbaycan və Ermənistan sülh sazişinə həmişəkindən daha yaxındır

      Elçin Əmirbəyov:    Azərbaycan və Ermənistan sülh sazişinə həmişəkindən daha yaxındır
  31 May 2024    Oxunub:677
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq humanitar minatəmizləmə konfransında çıxışış edib.
AzVision.az çıxışın mətnini təqdim edir:

-Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar,

Sizi Minalardan Təmizləmə üzrə Beynəlxalq Konfransın ikinci günündə salamlayıram və iştirakınıza görə hamınıza təşəkkür edirəm.

Builki konfransın devizindən də göründüyü kimi, biz buraya təkcə minaların aktual problemlərini və onların ətraf mühitə təsirini müzakirə etmək üçün deyil, həm də hamı üçün daha təhlükəsiz və yaşıl dünya yaratmaq üçün kollektiv öhdəliyimizi bir daha təsdiqləmək üçün toplaşmışıq.

Amma ən ümdə məqsədimiz həmişə təhlükəsiz mühitdə yaşamaq hüququ olan insan amilidir.

Dünənki Zəngilan səfəri və orada aparılan müzakirələr münaqişədən sonrakı mühitdə minalarla mübarizənin niyə bu qədər vacib olduğunu bir daha vurğuladı. Siz genişmiqyaslı yenidənqurma işlərinin aparıldığının və müharibənin viran qoyduğu torpaqlarda həyati əhəmiyyət kəsb edən nəqliyyat kommunikasiyalarının, yaşayış massivlərinin və digər əsas infrastrukturun sıfırdan necə qurulduğunun şahidi oldunuz.

Ancaq ən əsası, artıq yeni tikilmiş evlərinə qayıdan və yeni həyata başlayan bəzi insanlarla tanış olmaq şansınız oldu. Biz Azərbaycanda minatəmizləmə işlərini çox aktiv şəkildə həyata keçiririk ki, ümumilikdə 800 minə yaxın keçmiş məcburi köçkünün öz yurdlarına qayıtması təmin olunsun. 21 min keçmiş məcburi köçkün bu ilin sonuna kimi yurdlarına köçürüləcək, ümumilikdə 9 şəhər yenidən qurulacaq. 2021-ci ildən etibarən yenidənqurma və bərpa işlərinə Azərbaycan hökuməti tərəfindən artıq 7 milyard ABŞ dollarından çox sərmayə qoyulub.

Əgər biz qonşu Ermənistanla müharibəni bitirməsəydik, sülh danışıqlarına başlamasaydıq, bütün bunlar çətin ki, mümkün olardı. Yaxşı xəbər budur ki, bu gün biz sülh sazişini imzalamağa həmişəkindən daha çox yaxınıq. Sülh yolunda əsas maneə olan işğalçı qoşunların ərazimizdəki mövcudluğuna artıq son qoyulub.

Ən əsas odur ki, Azərbaycanın suverenliyi tam bərpa olunub. Ermənistanla delimitasiya işlərində irəliləyişlər var. Ümid edirik ki, tezliklə yekun sülhə gedən yolda açıq qalan məsələlər də öz həllini tapacaq və xalqlarımız arasında davamlı sülh təmin olunacaq. Azərbaycan öz öhdəliklərinə həmişə sadiqdir və ümid edirik ki, Ermənistanda bu mövqedən çıxış edəcək.

Pis xəbər odur ki, bütün bu yenidənqurma və reabilitasiya səyləri, eləcə də yüz minlərlə köçkünü öz evlərinə qaytarmaq planlarımız ölkəmizin üzləşdiyi böyük mina problemi ilə ciddi şəkildə əngəllənir. Təəssüf ki, Azərbaycan minalarla çirklənmiş ərazilər (1,5 milyon mina) baxımından dünyada 5-ci yerdədir.

Minalar hətta post-münaqişə dövründə də insan həyatı üçün ciddi təhlükə yaradır. Təəssüf ki, 2020-ci ilin noyabrında atəşkəs əldə edildikdən sonra da Ermənistan ümumi uzunluğu 500 km olan zonaları yenidən minalayıb. Təkcə bu son üç il yarım ərzində 200-dən çox hadisə nəticəsində 361 azərbaycanlı, o cümlədən uşaq və qadınlar mina qurbanı olub. Təəssüf ki, bu rəqəmlər demək olar ki, hər həftə artır və Ermənistanın bizə minalanmış yerlər haqqında dəqiq məlumat verməkdən davamlı imtina etməsi problemi daha da aktivləşdirir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciətində qeyd etdiyi kimi, sırf insan təhlükəsizliyi və humanitar riskdən başqa, minalar dayanıqlı sosial-iqtisadi inkişafa və DİM-lərə nail olmağa ciddi şəkildə mane olur.

Bundan əlavə, torpaq eroziyasına və məhsuldarlığın itirilməsinə səbəb olan minalar torpağın deqradasiyasına səbəb olur.

Mina təmizləmə fəaliyyəti uzun müddət insanların əsas təhlükəsizlik ehtiyaclarını qarşılamaqla məhdudlaşdı. Ümumbəşəri inkişaf məqsədləri qəbul edildikdən sonra, münaqişədən sonrakı yenidənqurma və reabilitasiya, sosial-iqtisadi inkişaf və insanların həyat şəraitinin yaxşılaşdırılmasına təkan verən amil kimi diqqət minalardan təmizlənməyə yönəlməyə başladı.

Ötən il Azərbaycan milli səviyyədə humanitar minatəmizləmə fəaliyyətinin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan etdi. Eyni zamanda, Azərbaycan mina problemi ilə bağlı qlobal məlumatlılığı artırmaq və bu ölümcül bəladan ən çox zərər çəkən ölkələrə beynəlxalq dəstəyi asanlaşdırmaq üçün fəal işləyir. Və bu konfrans bu səyin bir hissəsidir.

Həyatda hər şey kimi, mina təmizləmə əməliyyatının da bir dəyəri var və bu, ucuz iş deyil. Bu gün ölkədə minatəmizləmə üçün lazım olan resursların 90 faizindən çoxu məhz Azərbaycan hökuməti tərəfindən təmin edilir. ANAMA-nın sizinlə paylaşdığı infoqrafikadan yəqin ki, gördüyünüz kimi, mina probleminin əhatə dairəsi o qədər böyükdür ki, prosesin başa çatdırılması üçün onilliklər lazım olduğu təxmin edilir. Biz qürur duyuruq ki, bir neçə il əvvəllə müqayisədə bu gün daha yaxşı təchiz edilmiş və mükəmməl fəaliyyət həyata keçirən işçi heyətinə malik peşəkar və effektiv milli minatəmizləmə agentliyimiz var. Biz həmçinin bu yaxınlarda ümumi səylərimizə qoşulmuş ilk qadın minatəmizləyici qrupuna sahib olmaqdan qürur duyuruq. Təəssüf ki, minatəmizləmə sahəsində xarici yardımın hazırkı səviyyəsi olduqca qeyri-kafidir və ayrılan ümumi məbləğin 10%-dən azını təşkil edir. Ümid edirik ki, beynəlxalq ictimaiyyət bu yükün bölüşdürülməsinə kömək edəcək. Bu fürsətdən istifadə edərək, mina probleminin öhdəsindən gəlməkdə bizə kömək etmək üçün resurslarını bağışlayan hər bir ölkə və təşkilata təşəkkür etmək istərdim.

Xanımlar və cənablar,

COP29 üçün ilkin kursor kimi konfrans iştirakçıları minaların ətraf mühitə təsirinə diqqət yetirir. Bu konfransın gedişində müxtəlif panellərdə biz minalardan istifadənin ətraf mühitə təsiri ilə bağlı geniş mövzular üzrə müzakirələr aparacağıq. Biz həmçinin davamlı ekoloji reabilitasiya üçün milli imkanların yaradılmasında əldə edilmiş təcrübələri və minalarla mübarizədə ən son texnoloji yenilikləri nəzərdən keçirəcəyik. Konfrans iştirakçıları minalarla mübarizə və iqlimə davamlılıq arasında qarşılıqlı əlaqəni, eləcə də “yaşıl mina fəaliyyəti” adlanan beynəlxalq əməkdaşlıq da daxil olmaqla minalarla mübarizə üçün resursların effektiv səfərbər edilməsi və qlobal həmrəylik yollarını araşdıracaqlar.

Biz konfransda beynəlxalq təşkilatların görkəmli nümayəndələrinin, tanınmış siyasətçilərin və yüksək səviyyəli ekspertlərin iştirakını alqışlayırıq. Sizin burada olmanız bu işə ortaq öhdəliyimizi və müştərək fəaliyyətimizin vacibliyinin göstəricisidir. Fürsətdən istifadə edərək, bu gün biz ilə birgə olduğuz üçün hər birinizə təşəkkürümü bildirirəm.

Son olaraq, mən minaların təmizlənməsi məsələsində Birləşmiş Millətlər Təşkilatının Azərbaycan ilə uzunmüddətli və səmərəli tərəfdaşlığa, xüsusən də Azərbaycanda minalarla mübarizə üçün xarici yardımın asanlaşdırılmasında BMTİP-in əlaqələndirici roluna, habelə 1998-cii ildən ANAMA-nın potensialının artırılmasına verdiyi dəstəyə görə minnətdarlığımı bildirmək istərdim.

Bu kontekstdə biz ANAMA və BMTİP arasında niyyət bəyannaməsi imzalanmasını alqışlayırıq. Niyyət bəyannaməsi ANAMA-nın fəaliyyəti ilə əlaqədar Mükəmməllik Mərkəzinin yaradılmasında əməkdaşlığı ehtiva edir. Mərkəz mina təhlükəsi ilə mübarizə sahəsində milli, regional və beynəlxalq səviyyələrdə təlim və bacarıqların artırılması, sertifikatlaşdırma və biliklərin ötürülməsini həyata keçirəcək, habelə humanitar minatəmizləmə sahəsində ən son texnologiya və metodologiyaları təkmilləşdirmək üçün minalarla mübarizədə tədqiqat və innovasiyaları təşviq edəcəkdir.

Yekun olaraq, bütün beynəlxalq tərəfdaşlarımıza və dostlarımıza, həmçinin günahsız insanların həyatını xilas etmək, müharibə nəticəsində öz evlərindən didərgin düşmüş insanların yurdlarına qayıtmasına imkan yaratmaq, eyni zamanda daha təhlükəsiz və yaşıl dünyaya doğru birgə hərəkət etmək üçün minaların təmizlənməsi kimi bu nəcib işdə bizə dəstək olan və ya dəstək olmaq niyyətində olan hər kəsə təşəkkürümü bildirirəm.

Hamınıza məhsuldar və effektiv müzakirələr arzulayıram və diqqətinizə görə təşəkkür edirəm.
AzVision.az


Teqlər:





Xəbər lenti