İtaliya saytları Azərbaycanın mina problemindən yazdı

   İtaliya saytları Azərbaycanın mina problemindən yazdı
  30 May 2024    Oxunub:852
İtaliyanın “Agenzia Nova” və “Kmetro” informasiya agentlikləri Azərbaycanın işğaldan azad olunan ərazilərindəki mina problemi ilə bağlı məqalələr dərc edib.
Yazılarda Azərbaycanın mina və digər növ partlamamış hərbi sursat problemindən böyük miqyasda əziyyət çəkən ölkə olduğu bildirilir. 90-cı illərin əvvəllərindən - birinci Qarabağ münaqişəsindən sonra bu bölgə minalarla ən çox çirklənən ərazi olub. Azərbaycan bu ərazilərə nəzarəti bərpa etdikdə ərazisinin təxminən 12 faizinə səpələnmiş 1,5 milyonadək mina və naməlum sayda müharibə qalıqları aşkar edib.

Vurğulanır ki, son üç il yarım ərzində Azərbaycanda 200-dən çox mina partlayışı hadisəsi baş verib, nəticədə qadın və uşaqlar da daxil olmaqla 359 nəfər həlak olub.

Məqalələrdə mayın 30-da Azərbaycanda “Minaların ətraf mühitə təsirinin azaldılması: təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın keçiriləcəyi bildirilib. Minaların ətraf mühitə təsirinə və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması üçün rekultivasiya perspektivlərinə həsr olunan konfrans Zəngilanda başlayacaq, mayın 31-də Bakıda davam edəcək. Tədbirdə qlobal miqyasda analitiklər, ekspertlər və maraqlı tərəflər davamlı həll yollarını birgə araşdırmaq və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün bir araya gələcək.

Qeyd olunur ki, rəsmi Bakı fürsətdən istifadə edərək mövcud tərəfdaşlıqları gücləndirmək və artıq minaların olmadığı dünyaya nail olmaq üçün yeni ittifaqlar qurmaq niyyətindədir. Azərbaycan noyabrda COP29-a ev sahibliyi edəcək və bu konfransda da əsas diqqət minaların ətraf mühitə təsirinə, təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsinə yönəldiləcək.(AzərTac)

AzVision.az



Teqlər:





Xəbər lenti