Yeni Kaledoniyada fövqəladə vəziyyət ləğv olunur

   Yeni Kaledoniyada fövqəladə vəziyyət ləğv olunur
  27 May 2024    Oxunub:930
Fransa hökuməti Yeni Kaledoniyada iğtişaşlarla əlaqədar mayın 15-də tətbiq edilən fövqəladə vəziyyəti ləğv etmək qərarına gəlib. Bu barədə AFP Yelisey sarayına istinadən məlumat verib.
Bildirilir ki, Yeni Kaledoniyada fövqəladə vəziyyət mayın 28-i yerli vaxtla saat 5:00-dan etibarən ləğv ediləcək.

Eyni zamanda, hüquq-mühafizə orqanları yüksək döyüş hazırlığı vəziyyətində olmağa davam edəcək. Hakimiyyət həmçinin axşam və gecə saatlarında qüvvədə olan komendant saatını hələlik ləğv etmək niyyətində deyil.

Qeyd edək ki, Yeni Kaledoniyada yerli əhali olan kanaklar və gəlmə Fransa vətəndaşları birlikdə yaşayırlar. Ada xüsusi administrativ ərazi vahidi olduğu üçün kanakların bir sıra üstünlükləri var. Makron hökuməti isə müstəqillik və sair ilə bağlı keçiriləcək referendumların nəticəsini dəyişmək üçün Fransadan gələnləri də yerli əhali kimi təqdim edir.

Onlar da, öz növbəsində Kaledoniyanın Fransanın tərkibində qalmasına səs verirlər. Bu mübarizə artıq uzun illərdir ki, davam edir. Yeni Kaledoniyanın təxminən 300 min əhalisi var. Sakinlərin 40 faizini kanaklar təşkil edir. Adada təxminən 40 mindən çox fransız yaşayır. 1998-ci il "Numea müqaviləsi"nə əsasən, Fransa bölgəyə daha çox siyasi muxtariyyət verməyə, əyalət və parlament seçkilərində səsverməni "yalnız ovaxtkı sakinlərlə" məhdudlaşdırmağa razılaşıb.

Yeni Kaledoniyada müstəqillik üçün dörd dəfə referendum keçirilib, boykotdan öncəki səsvermədə kiçik fərqlə (53,26%) Fransanın tərkibində qalmaq istəyənlər qalib gəlib. Buna baxmayaraq, müstəqillik istəyənlərin sayı getdikcə artır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti