Masazırın bitmək bilməyən su problemi - AÇIQLAMA

 Masazırın bitmək bilməyən su problemi -  AÇIQLAMA
  27 May 2024    Oxunub:855
Su problemləri dünyada əhalinin sayının artması və iqlim dəyişikliyi ilə əlaqədar olaraq, günümüzün ən ciddi ekoloji problemlərindən birinə çevrilib. Azərbaycan da su ehtiyatları zəngin olmayan ölkələrdən sırasındadır ki, bu da zaman-zaman problemlərə səbəb olur. Su çatışmazlığı, suyun keyfiyyətinin düşməsi və qeyri-bərabər paylanma kimi məsələlər ölkə üçün ciddi problemlər yaradır.
Bu problemləri aradan qaldırmasında ən vacib məsələrdən biri əhalinin suya qənaətlə bağlı maarifləndirilməsi və ondan düzgün istifadə üzrə təbliğat kampaniyalarının həyata keçirilməsidir. Digər bir yol isə çirklənmənin qarşısının alınmasıdır. Belə ki, sənaye və məişət tullantılarının su mənbələrinə axıdılmasının qarşısının alınması üçün qanunvericiliyin gücləndirilməsi və monitorinq sistemlərinin qurulması vacibdir.

Ekspertlər hesab edir ki, insanların maarifləndirilməsi ilə suya xeyli qənaət etmək mümkündür. Suyu boşa axıtmamaq üçün kranları bağlı saxlamaq, bəzi təsərrüfatlarda texniki sudan yararlanmaq, məişətdə istifadə edilən suyu filtrdən keçirərərək yenidən işlətmək, bir sözlə sudan səmərəli istifadə etməklə suya qənaət mümkündür.

Ötən il Prezident İlham Əliyev Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək. Sərəncamının icrası məqsədi ilə İqtisadiyyat Nazirliyində aidiyyəti qurumların nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb.

Su qıtlığı ilə üzləşən ərazilərdən ən çoxu Aran bölgəsi və Abşeron yarımadasıdır. Belə ki, həmin ərazilərdə tez-tez su itkilərinin yüksək olması gələcək üçün müəyyən problemlər yaradacaq. İlin demək olar ki, bütün aylarında yolları sudan qurumayan ərazilərdən biri də Masazırdır. Masazırın Həsən Əliyev küçəsində su borularının tez-tez partlaması sakinləri narahat edir. Onlar deyir ki, yağış yağanda isə vəziyyət daha da acınacaqlı olur.

Məsələ ilə bağlı “Azərsu” ASC-lə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Anar Cəbrayıllı AzVision.az-a bildirdi ki, həmin yer “Azərsu”nun xidməti ərazisi deyil:

“Həmin ərazidə vətəndaşlar özləri yerin üstü ilə kustar üsulla su xəttləri çəkiblər. Problemin qarşısının alınmasında cavabdeh də elə həmin vətəndaşların özləridir. Təəssüflər olsun ki, qonşu qonşudan su xətti çəkir. Nəticədə su itkisi yaranır. Bu, onların heç birini narahat etmir. Niyə? Çünki itkiyə gedən su onun sayğacından keçmir və buna görə pul ödəmir. Əks halda problemi həll edər”.

Su məsələləri üzrə ekspert Rövşən Abbasov da Masazırda su təchizatı ilə bağlı yaranan problemlərə görə sakinləri günahlandırır:

"Hər kəs icazəsiz, istədiyi kimi su çəkib və bu proses indi də davam edir. Belə ki, paylayıcı xətdən suyu ayırarkən boruları səthə yaxın yerləşdirirlər. Üzərindən ağır tonnajlı maşınlar keçəndə isə borular partlayır və su yollara, küçələrə axır. Belə kiçik xətlərin çəkilməsi üçün vətəndaş hökmən “Azərsu”ya müraciət etməlidir”.



Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti