"Taksilərin qiymətini kim qaldırır?" - AÇIQLAMA

 "Taksilərin qiymətini kim qaldırır?" -  AÇIQLAMA
  27 May 2024    Oxunub:1134
Vaxtaşırı taksilərlə bağlı problemlərlə üzləşirik. Taksi sürücüləri uzaq məsafə üçün gediş qiymətlərin aşağı olmasından şikayətlənir, sərnişinlər isə ya bəzi sürücülərin etik davranışlarından, ya da qiymətlərin artmasından.

Hazırda vəziyyət elə də ürəkaçan deyil. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən etibarən buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Bəzi sürücülər hesab edirlər ki, bu qərar onların vəziyyətini xeyli çətinləşdirəcək, hətta işlərini itirəcəklər. Onların yeni avtomobil almağa pulları yoxdur.

Bu arada, digər qərara əsasən taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq, avtomobilin daxilində videokameralar quraşdırılacaq. Bundan başqa taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdırlar.

Verilən bu qərarlarla xidmətin keyfiyyəti ilə yanaşı qiymətlər də arta bilər. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, iyunun 1-dən minimum taksi qiymətləri 4 manat 50 qəpik olacaq. Taksi şirkətləri isə bu xəbərlərin təkzib edirlər.
Nəqliyyat eksperti Elməddin Muradlı AzVision.az -a bildirib ki, qiymət artımı taksidən istifadə edənlərin azalmasına gətirib çıxarır.

"Bir vaxtlar aşağı qiymət həddi müəyyənləşdirilmədiyinə görə, 80-90 qəpik, 1 manata sərnişin daşımaq məcburiyyətində qalan taksi sürücüləri var idi. Amma ötən il Azərbaycanda Yerüstü Nəqliyyat Agentliyinin təşəbbüsü ilə bu sahədə nizam-intizam yaradıldı. Minimal qiymət 2 manat 50 qəpik müəyyənləşdirildi. Artıq 70 qəpiyə, 1 manata taksi sifariş vermək mümkün olmadı.

Beləliklə, qısa məsfəni qət etməli olan sərnişinlər ya ictimai nəqliyyata üz tutdu, ya da piyada getməyi seçdilər. İndi isə minimal taksi qiymətlərinin 4 manat 50 qəpik olacağı ilə bağlı xəbərlər yayılıb. Heç bir rəsmi qurum bunu təsdiqləmir. Taksi şirkətləri, operatorlar bunlardan xəbərsizdirlər. Belə anlaşılır ki, bu şayiəni taksi sürücüləri özləri yayıblar".



Ekspertin fikrincə, minimal qiymət artımı faydasız olacaq:

"Qiymət artımının taksi fəaliyyətinə necə təsir göstərəcəyi zamanla üzə çıxacaq. Amma məsələyə obyektiv yanaşsaq, sürücülərin də haqlı olduğu məqamlar var. Onlar artıq müasir avtomobillərlə ucuz qiymətə fəaliyyət göstərmək istəmirlər. Əvvəlki dövrdə sürücülər köhnə avtomobillərlə xidmət aparırdılarsa, bu gün tələb qoyulub ki, avtomobilin istehsal ili 15 ildən köhnə olmasın. Bu baxımdan onların da qiyməti artırmaq təşəbbüsü normaldır.

Yalnız artım cüzi olmalıdır. Yəni hazırki qiymət 2 manat 50 qəpikdirsə, yeni qiymət maksimum 3-3 manat 50 qəpiyədək artırıla bilər".



Taksi sürücüsü Daşqın Hacıyev isə hesab edir ki, qiymət artmı doğru bir qərardır:

"Əvvəllər taksini hörmətdən salmışdılar, hətta avtobusdan da ucuz gedirdi. Qiymətlərin artmağı çox yaxşı olar".

Gündəlik taksidən istifadə edən şəhər sakini Aynur Namazova isə bildirib ki, qiymətlər artarsa, məcburiyyətdən ictimai nəqliyyata üz tutacaq:

"Demək olar, hər gün işdən evə və yaxud evdən işə rahat çatmaq üçün taksidən istifadə edirəm. Çünki metro və avtobusla gediş-gəliş daha çətin və acınacaqlıdır. Amma qiymətlər kəskin artarsa, məcbur avtobusa minməli olacağıq".

Həmidə İbrahimova

AzVision.az




Teqlər:





Xəbər lenti