Həlak olan İbrahim Rəisinin həyat yolu - DOSYE

   Həlak olan İbrahim Rəisinin    həyat yolu - DOSYE
  20 May 2024    Oxunub:1786
Helikopter qəzası nəticəsində ölkənin bir qrup yüksək vəzifəli rəsmiləri ilə həlak olan İbrahim Rəisinin keçdiyi həyat yoluna nəzər salmaq maraqlıdır.
AzVision.az xəbər verir ki, 1960-cı il dekabrın 14-də Məşhəddə (İranın şimal-şərqində şiəlik ardıcılları üçün müqəddəs sayılan şəhər) dindar ailədə dünyaya göz açan İbrahim Rəisinin Məhəmməd peyğəmbərin nəslindən olduğunu bildirən Seyid fəxri titulu var idi.

1975-ci ildə Qum şəhərində (şiələrin dünya təhsil dini mərkəzi) seminariyaya daxil olur və oranı bitirdikdən sonra Tehrandakı Şəhid Mötəhəri adına Universitetdə beynəlxalq özəl hüquq üzrə təhsil alır. Sonra elə həmin universitetdə hüquq elmləri və İslam hüququ üzrə doktorluq dərəcəsinə layiq görülüb. Tələbəlik illərində monarxiyanın devrilməsi ideyalarını dəstəkləyən İbrahim Rəisi, 1978-1979-cu illər İslam İnqilabında iştirak edib.

Dövlət xidmətində
1980-ci ildə İbrahim Rəisi Tehran yaxınlığındakı Kərəc şəhərinin ədliyyə idarəsində işləməyə başlayır və bir müddətdən sonra bu şəhərin prokuroru vəzifəsini tutur. 1982-1984-cü illərdə ölkənin şimal-qərbində yerləşən Həmədan şəhərinin prokuroru olub, 1985-ci ildə isə artıq ölkənin paytaxtı Tehran şəhərinin prokurorunun müavini vəzifəsinə irəli çəkilib. 1988-ci ildə İranın o vaxtkı Ali lideri Ruhullah Xomeyninin qərarı ilə Rəisiyə Kirmanşah, Semnan və Luristan əyalətlərində dini və hüquqi məsələləri həll etmək üçün xüsusi səlahiyyətlər verilib. 1989-1994-cü illərdə Rəisi Tehranın prokuroru vəzifəsində işləyib. Sonrakı 10 ildə ölkədə icra hakimiyyəti orqanlarının fəaliyyətinə ümumi nəzarəti həyata keçirən İranın Baş Müfəttişliyinə rəhbərlik edib.

2004-2014-cü illərdə Rəisi təşkilati və idarəetmə məsələləri üzrə Ali Məhkəmə sədrinin müavini, 2014-2016-cı illərdə isə İranın baş prokuroru olub. 2016-cı ildə o, ölkənin ən böyük müsəlman “Astana Qüds Rəzəvi” dini fondunun rəhbəri vəzifəsini tutub. 2019-cu ildə İranın Ali Məhkəməsinin sədri postuna gələn İbrahim Rəisi korrupsiyaya qarşı genişmiqyaslı kampaniyaya başlayıb və qadınları məişət zorakılığından qorumaq üçün qanun layihələrinin hazırlanması təşəbbüsü ilə çıxış edib.

Prezident seçkilərində iştirakı
İlk dəfə 2017-ci ildə prezidentliyə namizədliyini irəli sürən İbrahim Rəisi, ikinci müddətə yenidən seçilən Həsən Ruhaniyə uduzdu. Ruhaninin topladığı 57% səs qarşılığında Rəisi 37% seçicinin etimadını qazandı.

Lakin 2021-ci ilin iyununda keçirilən növbəti prezident seçkilərində 60%-dən çox səslə qalib gələn Rəisi ən yaxın rəqibi olan Möhsün Rezaini (11,5 %) beşqat üstələdi. Amma həmin seçkilərdə seçici fəallığı (48,8%) İranın müasir tarixində rekord aşağı göstərici idi.

Siyasi baxışları və xarici siyasət kursu
Rəisi ifrat mühafizəkar cəbhənin təmsilçisi kimi Qərblə münasibətlərdə sərt mövqe nümayiş etdirirdi. Lakin İranın nüvə sazişinin (İranın nüvə problemi üzrə 2015-ci ildə imzalanmış 5+1 beynəlxalq müqavilə) bərpasına etiraz etməyib. 2018-ci ildə ABŞ birtərəfli qaydada həmin sazişdən çıxdıqdan sonra rəsmi Tehran bu müqvilədə öz üzərinə götürdüyü öhdəliklərdən imtina etdiyini açıqladı. Bununla belə, son illər Qərbin ritorikasındakı müəyyən yumşalmalar fonunda, Rəisi hökuməti İrana qarşı sərt sanksiyaların götürülməsi müqabilində nüvə problemi üzrə sazişin bərpasının əleyhginə olmadığını bildirib.

Öz seçki proqramında yoxsulluğun azaldılmasına və korrupsiya ilə mübarizə kimi məsələlərə diqqət yetirən İbrahim Rəisi dörd il ərzində ehtiyacı olanlar üçün dörd milyon yeni ev tikəcəyini vəd etmişdi.

Şəxsi həyatı
İbrahim Rəisinin dul qalmış arvadı Cəmilə Ələmolhoda (din xadimi Əhməd Aləmolhodanın qızıdır) fəlsəfə elmləri doktoru və yazıçıdır. Onların iki qızı var.

İmam Rzanın Məşhəddəki müqəddəs türbəsinin qəyyumu olan İbrahim Rəisi İran İslam Respublikasının rəhbəri və Ali dini lideri Əli Xamneyinin silahdaşı kimi tanınıb.

İnsan haqlarının pozulmasında günahlandırılan İbrahim Rəisi 2019-cu ilin noyabrında ABŞ və Avropa İttifaqının sanksiyaları siyahısına salınıb. 2021-ci ildə isə Amerikanın “Time” jurnalının dünyanın 100 ən nüfuzlu adamı siyahısına düşüb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rəisi   Dosye  





Xəbər lenti