Azərbaycan və Belarus prezidentləri sərgilərlə tanış olublar - FOTOLAR - YENİLƏNİB

   Azərbaycan və Belarus prezidentləri sərgilərlə tanış olublar  -  FOTOLAR - YENİLƏNİB
  16 May 2024    Oxunub:2024
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
AzVision.az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlət başçılarına sərgilərlə bağlı məlumat verdi.

Bildirildi ki, Bakı Ekspo Mərkəzinin bütün dörd zalını və açıq sahəsini əhatə edən sərgilərə ümumilikdə 38 ölkədən 500-yə yaxın şirkət qatılıb. Regionun ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemləri, qablaşdırma, bu sahədə innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, həmçinin meyvə və tərəvəzlərin yetişdirilməsi sahələrini əhatə edir. “InterFood Azerbaijan” sərgisində isə dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət və süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunur.

Azərbaycan və Belarus prezidentləri sərgilərlə tanış oldular.

Yerli istehsal və ixracat, ailə təsərrüfatı stendi ilə tanışlıq zamanı bildirildi ki, bu stenddə “FA Valley” və “Bal10” şirkətlərinin məhsulları təqdim edilir. “FA Valley” şirkətinin istehsal etdiyi şərablar 100 faiz “Sangiovese” şərablarıdır. Şərabların hazırlanması prosesində yalnız yerli mayalardan istifadə olunur. Məhsullar başqa xarici ölkələrdə də təqdim edilir. “Bal10” şirkəti isə Azərbaycanda yerli sahibkar tərəfindən Aran zonasında yetişən biyan bitkisindən hazırlanan bal məhsulları istehsal edir. Şirkətin məhsulları Qətərdə və Malayziyada təqdim olunur.

Belarus Respublikasının Milli Qrupunun qida məhsulları stendləri ilə tanış olan dövlət başçılarının diqqətinə çatdırıldı ki, stendlərdə 40-a yaxın şirkət, o cümlədən “Gomselmash”, “Brestmiasomolprom” zavodları, Slutsk pendir fabriki, Minsk süd kombinatı, Qrodno ət-qablaşdırma, Volkovysk və Mogilev ət emalı zavodları, “Belvetfarma”, “Belqospişçeprom”, “Belinterexpo”, “Bresteysky pekar”, “Bremor”, “Brestmeat”, “Brestmiasomolprom”, “Slodych”, “Spartak”, “Algon”, “Grodno azot” və digər şirkətlər öz məhsullarını təqdim edir.

Sərgidə yer alan şirkətlərdən biri də Azərbaycanda fəaliyyət göstərən “MAN-AGRO” MMC-dir. Şirkət kənd təsərrüfatı sahəsində bir neçə istiqamətdə yerli və xarici bazarlara çıxmağı bacarıb. Ümumilikdə 360 hektara yaxın müxtəlif çeşidli tumlu və çəyirdəkli meyvə bağlarına sahib olan şirkət həmin meyvələrin saxlanmasını və satışını, eləcə də meyvə tinglərinin yetişdirilməsini, inkişafinı və yeni sortların alınmasını, ağaclar üçün gübrə və digər dərmanların satışını həyata keçirir. Fəaliyyəti ölkəmizin bütün ərazisini əhatə edən şirkətin ümumilikdə 10 min ton tutuma malik soyuducu anbarları var. Şirkətin ixrac istiqamətləri Rusiya, Belarus, BƏƏ, Qətər və Maldiv adalarıdır.

“Absheron Olive Garden” MMC 700 hektarlıq zeytun bağları ilə yanaşı, həm də ölkəmizdə, eləcə də bütövlükdə regionda ən böyük və müasir zeytun yağı emalı və süfrəlik zeytun məhsulları istehsalı zavodlarından ibarətdir. İllik 35 min ton xam zeytun qəbul etmək gücündə olan zavodda soyuq sıxım üsulu ilə “Extra Virgin” zeytun yağları istehsal edilir. Süfrəlik zeytun istehsalı zavodunda isə yaşıl, qara, çəyirdəkli, çəyirdəksiz, dilimlənmiş, içlikli və s. növ süfrəlik zeytun məhsullarının istehsalı üçün şərait mövcuddur. İstehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, Rusiya, İsrail, Kanada, Türkiyə və İspaniyaya ixrac edilir.

Dövlət başçılarına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin stendləri haqqında da ətraflı məlumat verildi. Bildirildi ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının inkişafını gücləndirir. Bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli dəstək tədbirləri həyata keçirilir. Bu il ölkəmizin COP29-a ev sahibliyi etməsi, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar sərgilərdə ətraf mühitin qorunması, yaşıl enerji, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılıb. Kənd Təsərrüfatı Nazirliyi iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək və iqlim risklərinin qiymətləndirilməsi istiqamətində fəal təşəbbüslər irəli sürür.

2014-cü ildə fəaliyyətə başlayan “Agro Dairy” MMC Azərbaycanda kənd təsərrüfatı sahəsində qabaqcıl şirkətlərdəndir. Şirkətin məqsədi müasir texnologiyaların, innovativ həllərin tətbiqi ilə Azərbaycanın kənd təsərrüfatı sektorunda köklü dəyişikliklər etməkdir. Şirkət əsasən buğda, arpa və qarğıdalı kimi dənli bitkilərin becərilməsini, həmçinin yonca və şəkər çuğundurunun yetişdirilməsini həyata keçirir.

Sonra Azərbaycan və Belarus prezidentləri Bakı Ekspo Mərkəzinin açıq sahəsindəki stendlərlə tanış oldular.

Məlumat verildi ki, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi müxtəlif modifikasiyalı Belarus traktorları, MAZ və KamAZ markalı yük avtomobilləri, müxtəlif təyinatlı qoşqular, ekskavatorlar, xüsusi traktorlar, digər texnika və avadanlıqlar istehsal edir.

Belarus milli stendinin açıq sahədəki pavilyonunda iki şirkət - “Gomselmash” və Minsk avtomobil zavodu (MAZ) təmsil olunur. MAZ Şərqi Avropada sərnişin, xüsusi, kommunal və qoşqu avtomobillərinin istehsalı üzrə aparıcı müəssisədir. Ən böyük kənd təsərrüfatı texnikası istehsalçılarından olan “Gomselmash”ın kombaynları bir sıra ölkələrə ixrac olunur.

Azərbaycanın sərgidə təmsil olunan “Agrosystems” şirkəti aqrobiznes nümayəndələri üçün innovativ həll yolları təqdim edir. Ölkəmizdə istehsal edilən “AGROMAX 10 000 TUN” hidrosoyutma aparatı keyfiyyəti, yüksək soyutma gücü, münasib qiyməti və aşağı enerji sərfiyyatına görə dünya bazarında digər nümunələrdən fərqlənir. Soyutma gücü saatda 10 ton təşkil edən bu texnologiya sayəsində məhsulların ömrü üç dəfə artır. Meyvə və tərəvəzlərin yığılması üçün nəzərdə tutulmuş hidravlik “AGROLAF-4000” platforması 3,5 metr hündürlüyə qədər qalxır. Bu platforma 8 nəfərin iş prosesində səmərəliliyini və rahatlığını təmin etməyə imkan verir. Zədələnmədən fındıq məhsulunu toplamaq üçün yaradılmış innovativ qurğu isə fındıq yığımı prosesini daha səmərəli və sürətlə həyata keçirmək imkanı yaradır.

Qeyd edək ki, mayın 17-dək davam edəcək sərgilərin təqdimat zonasında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Aqrar İnnovasiyalar Forumu təşkil olunacaq. Həmçinin bu il ilk dəfə olaraq, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “GreenAgroHack” hakaton yarışması da keçiriləcək.

* * *

16:01
Mayın 16-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
AzVision.az -ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   Belarus   Prezident   sərgi  





Xəbər lenti