DSX Akademiyasında növbəti məzun buraxılışı olub - FOTO - VİDEO

DSX Akademiyasında növbəti məzun buraxılışı olub -    FOTO - VİDEO
  16 May 2024    Oxunub:1194
Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində keçirilən tədbirdə mərasim iştirakçıları Fəxri xiyabana gələrək Dahi Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.



Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Akademiyanın Döyüş Bayrağı sıra meydanına gətirilib və gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.



Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, tariximizin ən böyük sərkərdəsi cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın ard-arda möhtəşəm zəfərlər yaşadığını, döyüş meydanında, xüsusi əməliyyatlarda Silahlı Qüvvələrimizin gücünü, qüdrətini, sarsılmazlığını və vətənə bağlılığını nümayiş etdirdiyini, Azərbaycan zabitinin örnək hünəriylə dünyaya səs saldığını qürur hissi ilə vurğulayıb.



Bildirilib ki, bu gün sırada dayanan məzunlar ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunduqdan sonra zabit rütbələrini alan ilk Azərbaycan vətəndaşlarıdır. Gənc zabitlərin DSX Akademiyasında aldıqları təhsil, onların vətənə bağlılığı qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə şərait yaradacaq və daim zabit andına sadiq qalaraq Vətənimiz Azərbaycana şərəf və ləyaqətlə xidmət edəcəkləri əminliklə ifadə olunub.



Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və tərbiyələndirilməsində komandir və pedaqoji heyətinin xüsusi rolu olan bu ali təhsil müəssisəsində əcnəbi vətəndaşların da təhsil alaraq 5 illik zabit hazırlığı kursunu uğurla başa çatdırmaları DSX Akademiyasının nüfuzunun artmasının, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilməsinin bariz nümunəsi olduğu qeyd edilib.



Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbərliyi sərhədçi adına layiq görülən məzunları təbrik edib, onların valideynləri ilə görüşüb və gənc sərhədçi-zabitlərlə xatirə fotoşəkli çəkdirilib.









AzVision.az



Teqlər:





Xəbər lenti