Pxenyan Moskvaya yaylım atəşli sistemlər verə bilər

   Pxenyan    Moskvaya yaylım atəşli sistemlər    verə bilər
  13 May 2024    Oxunub:893
Şimali Koreya “idarə edilən” mərmiləri olan yeni 240 mm-lik çoxşaxəli raket sistemi (MLRS) hazırlayıb ki, onların da bir hissəsini Ukraynaya qarşı müharibədə istifadə üçün bu il Rusiyaya ötürə bilər.
AzVision.az Cənubi Koreyanın “Yonhap News” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, “texniki cəhətdən yenilənmiş” artilleriya sisteminin mayın 10-da keçirilən son sınaqlarını Şimali Koreyanın lideri Kim Çen In şəxsən müşahidə edib. Koreya Mərkəzi Xəbər agentliyinin (KCNA) hesabatında bildirilir ki, sınaqlar 240 mm-lik MLRS-nin “dağıdıcı gücünü” göstərib.

Bir ay əvvəl isə bu sistemlər üçün “idarə olunan” mərmilər sınaqdan keçirilib. Pxenyan onların uçuş məsafəsnin 40 km-ə qədər olduğu bildirilsə də, Cənubi Koreyanın Təhlükəsizlik Araşdırma İnstitutu əvvəllər raketin uçuş məsafəsinin 60 km ola biləcəyini açıqlamışdı.
Yeni silahların Koreya Xalq Demokratik Respublikasının (KXDR) artilleriyasının döyüş effektivliyini artıracağını bildirən Kim Çen In mərmi və artilleriya silahlarının istehsalını “ən yüksək səviyyəyə” çatdırmağa çağırıb.

“Yonhap News” agentliyinin məlumatına əsasən, Şimali Koreya nəinki Cənubi Koreyanı hədəfə almaq, həm də Ukraynada döyüşən Rusiya ordusunu təmin etmək üçün yeni mərmilərin və çoxsaylı reaktiv yaylım atəşi sistemlərinin istehsalını artırmağı planlaşdırır.
Şimali Koreyanın Ukraynaya qarşı müharibədə Rusiyanı silah təchizatı ilə dəstəklədiyini iddia edən Qərb, keçən ilin sentyabrında Rusiya prezidenti Vladimir Putinin Kim Çen Inla görüşündən sonra Pxenyanın fəallığının bu yöndə kəskin şəkildə artığını bildirir.

Cənubi Koreyanın müdafiə naziri Şin Von Sik ümumilikdə KXDR-ın Rusiyaya sursat və digər hərbi texnika ilə yüklənmiş 7 minə yaxın konteyner göndərdiyini iddia edir. Onun qiymətləndirməsinə görə, Rusiya ordusu Şimali Koreyadan təxminən 3 milyon 152 mm-lik mərmi ala bilər. Bu hərbi yardım müqabilində isə Rusiya KXDR-ə 9 mindən çox konteyner digər mallar göndərib.

Vaşinqton da dəfələrlə Şimali Koreyanın Ukraynadakı müharibə üçün Rusiyaya silah ötürməsi barədə məlumat yayıb. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, bunun müqabilində Pxenyan hərbi texnika, eləcə də qabaqcıl hərbi texnologiyalar istəyib. Lakin Moskva və Pxenyan isə bu bəyanatları daim təkzib edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pxenyan   Moskva   Ukrayna  





Xəbər lenti