Azərbaycanlı general Britaniya kralı ilə görüşdü - Fotolar+ Video

 Azərbaycanlı general Britaniya kralı ilə görüşdü -  Fotolar+ Video
  06 May 2024    Oxunub:1263
Böyük Britaniyada keçirilən “Vindzor Kral Atçılıq Şousu”nda nümayəndə heyətimizin tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanan çıxışları uğurla başa çatıb.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından bildirilib ki, tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətimizin bu möhtəşəm tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Feferasiyasının təşkilatçılığı ilə baş tutub.

Mötəbər tədbirdə təmsilçilərimiz tərəfindən çılğınlığı və gözəlliyi ilə özünə heyranlar ordusu toplamış, performansı ilə xüsusi seçilən Qarabağ atları, ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqslərindən ibarət olan “Koroğlu” adlı şou-kompozisiya təqdim edilib.

100 mindən artıq tamaşaçının izlədiyi şou-kompozisiyada Koroğlu rolunu Azərbaycanın xalq artisti Yusif Eyvazov və əməkdar artist Tural Ağasiyev, Nigar rolunu əməkdar artist Afaq Abbasova və Fatimə Cəfərzadə peşəkarlıqla ifa ediblər.

Milli musiqi alətlərimizin ifasında “Qarabağ cəngisi”nin bənzərsiz sədalarından, əməkdar artist Fərid İbrahimovun rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, qeyri-adi perfomanslarından ibarət şou-kompozisiya Böyük Britaniya tamaşaçısının xüsusi marağına səbəb olub və şou müddətində süvarilərimiz Azərbaycan Respublikası və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırıblar.

Tədbir çərçivəsində “Heydər Əliyev fondu”nun dəstəyi ilə tariximizi, mədəniyyətimizi və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurulub və tədbir iştirakçılarının böyük marağına səbəb olub.



Milli mətbəximizin nümunələrinin təqdim olunduğu və Kral ailəsinin üzvlərinin iştirak etdiyi Azərbaycan naharında ləziz təamlarımız xüsusi rəğbətlə qarşılanıb. Nahar zamanı təmsilçilərimizin təqdim etdikləri şou-kompozisiya böyük maraqla izlənilib.

“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Kralı III Çarlz ilə görüşüb, tanınmış heykəltəraş Faiq Hacıyevin “Zəfər adlı Dilbaz atı” əsəri və Rəssamlar İttifaqının üzvü Elnur Mahmudovun qədim gümüş alətlərinin təsvir olunduğu rəsm əsəri hədiyyə edilib.

May ayının 4-də saat 19:15-də Elçin Camallının baş məşqçisi və kapitanı olduğu Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britaniyanın ən nüfuzlu “Guards Polo Club” komandası arasında yoldaşlıq oyunu baş tutub. Dünya atçılığına “Çövkən” oyununu bəxş etmiş Azərbaycan təmsilçiləri ilə Avropada polo oyununun təşəkkül tapdığı Böyük Britaniya komandası arasında ilk yoldaşlıq görüşü kimi əlamətdar olan və gərgin mübarizə şəraitində keçən bu qarşılaşma komandamızın xeyrinə 6:4 hesabı ilə başa çatıb.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti