XİN rəhbəri Somali Baş nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
Görüş zamanı nazir, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda təbliği və Afrika ölkələri ilə əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Tərəflər ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı, alternativ enerji, habelə təhsil-humanitar sahədə tərəfdaşlığın inkişafı üçün geniş potensialın olduğunu bildiriblər. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ölkələri üçün müəyyən edilmiş təqaüd proqramında Somalidən tələbələrin iştirakının təqdirəlayiq olduğunu bildirilib.
Bununla yanaşı, cari ildə ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
* * *
21:22
Xarici işlər naziri Ceyhun Bayramov İƏT sammiti çərçivəsində Somali Baş nazirinin müavini Saleh Əhməd Came ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabından bildirilib.
Məlumata görə, tərəflər potensial ikitərəfli əməkdaşlıq sahələrini, çoxtərəfli platformalar çərçivəsində, xüsusən də BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində qarşılıqlı əməkdaşlıqla bağlı müzakirə aparıblar.
AzVision.az
Teqlər: Azərbaycan Somali XİN görüş