Bakıda bədii gimnastika üzrə Avropa Kuboku keçirilir

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku keçirilir
  03 May 2024    Oxunub:1139
Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi baş tutub.
AzVision.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən tədbirdə iştirakçı ölkələrin Dövlət bayraqları arenanın mərkəzinə gətirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında bildirib ki, Azərbaycanda yaradılan şərait nüfuzlu yarışların yüksək səviyyədə təşkilinə imkan verir. Bədii gimnastikanın ölkədə qızlar arasında ən populyar idman növü olduğunu xatırladan nazir turnirin idmançıların təcrübələrini artırmaları baxımından əhəmiyyətini vurğulayıb.

Avropa Kuboku açıq elan edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimi bədii hissə ilə davam edib. Bədii gimnastlar tərəfindən musiqi sədaları altında rəqs şousu nümayiş etdirilib.

Üçgünlük yarışlarda 37 ölkədən, ümumilikdə 160 gimnast iştirak edir. Azərbaycanı turnirdə fərdi proqramda Zöhrə Ağamirova və Kamilla Seyidzadə, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.

Avropa Kubokunun ümumi mükafat məbləği 40 000 avrodur.

AzVision.az


Teqlər: idman   bədii-gimnastika   Avropa-Kuboku  





Xəbər lenti