XİN rəhbəri çex rəsmilərini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb - YENİLƏNİB

   XİN rəhbəri çex rəsmilərini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb -  YENİLƏNİB
  23 Aprel 2024    Oxunub:719
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində "CEVRO" İnstitutunda "Azərbaycanın xarici siyasət prioritetləri" mövzusunda beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.
XİN-dən AzVision.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov ölkəmizin xarici siyasətinin əsas istiqamətləri, Azərbaycan-Çexiya münasibətlərinin cari vəziyyəti və perspektivləri, postmünaqişə dövrünün reallıq və çağırışları, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin hazırkı durumu, habelə Azərbaycanın geniş bölgədə enerji təhlükəsizliyi, nəqliyyat və komunikasiya sahəsində gördüyü işlərdən bəhs edib.

Müasir çağırışlarla effektiv mübarizə sahəsində ölkəmizin regional əməkdaşlıq formatlarının təşviqində aktiv iştirak etdiyi, xüsusilə iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətlərində birgə layihələrin irəlilədilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasından, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunmasından sonra regionda sülh və etimad quruculuğu istiqamətində yeni imkanların yarandığını diqqətə çatdırıb.

Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyinin birbaşa ikitərəfli əsasda irəlilədilməsində, habelə bu prosesə kənar müdaxilələrin qarşısının alınmasında qərarlı olduğu bildirilib. Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan kəndinin bu yaxınlarda danışıqlar yolu ilə ölkəmizə qaytarılmasının sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyiş olduğu bildirilib.

Azərbaycanın COP29 sədrliyi, aparılan danışıqlar prosesi ilə bağlı görüş iştirakçılarını məlumatlandıran nazir Ceyhun Bayramov, sədrliyimizin öz növbəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsinə verdiyimiz əhəmiyyəti səciyyələndirdiyini qeyd edib.

Daha sonra nazir Ceyhun Bayramov görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

* * *

17:47
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində beyin mərkəzləri ilə görüşdə çıxış edib.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabından bildirilib.

Məlumata görə, nazir Azərbaycan və Ermənistan arasında normallaşma, regionda reabilitasiya prosesi, Azərbaycanın müxtəlif platformalara, o cümlədən COP29-a sədrliyi barədə danışıb. Eləcə də rəsmi Bakının xarici siyasət prioritetləri barədə məlumat verib.

AzVision.az


Teqlər: XİN   Çexiya   səfər   görüş  





Xəbər lenti