Rusiya üçün 5 qorxulu ssenari

   Rusiya üçün    5 qorxulu    ssenari
  23 Aprel 2024    Oxunub:1020
ABŞ-nin xarici siyasəti üzrə ən nüfuzlu jurnallardan sayılan “Foreign Affairs” nəşri Vaşinqtonu Rusiya ilə bağlı 5 ssenariyə hazır olmağa çağırıb.
AzVision.az xəbər verir ki, “Foreign Affairs” jurnalında Rusiya üzrə ekspert, professor Stiven Kotkinin “5 gələcək, Rusiya və ya Amerika baş verəcəklərə necə hazırlaşmalıdır” adlı məqaləsi dərc edilib.

Müəllif “Putinin avtoritarizminin” haradan güc aldığına və “rusların böyük Qərb sivilizasiyası ilə niyə barışmaq istəmədiklərinə” toxunaraq, Putinin hazırda ABŞ-nin rəhbərliyi altında olan beynəlxalq nizama qarşı buzqıran gəmi rolunu oynadığını vurğulayır. Bu baxımdan, Rusiyanın Liviyada, Suriyada, Ukraynada və Mərkəzi Afrikada son hərəkətləri ABŞ-ni təəccübləndirməklə yanaşı, həm də həyəcanlandırıb.

Kotkinin fikrincə, amerikalıların son onilliklərin hadisələrindən dərs alması pis olmazdı.

“ABŞ-nin Çin və Rusiya kimi ölkələrin transformasiyasına təsir rıçaqları yoxdur. Nə Rusiya, nə də Çin əvvəlki kimi beynəlxalq münasibətlərin subyektinə çevrilmək üçün avtoritar, imperialist rejimlərini dəyişdirməyəcəklər” , - Kotkin iddia edir.

Rusiyadakı dəyişikliklərin trayektoriyasını formalaşdırmaqda Vaşinqtonun öz imkanlarını şişirtməməli olması zərurətini vurğulayan Kotkin, həmin dəyişikliklərin 5 ssenarisini təsvir edir.

1 .Rusiya Fransaya bənzəyir. Fransa kimi Rusiyanın da köklü bürokratik və monarxiya ənənələri var ki, bu ənənələr də aradan qalxmayacaq. Əgər Rusiyada qanunun aliliyinə söykənən demokratiya yaranarsa, o, Fransaya bənzəyəcək.

2. Rusiyanın sıxılması. Çoxları üçün Rusiya mistik millətçilik, ənənəvi dəyərlər, slavyanofillik və pravoslavçılıq ölkəsidir. Ruslara hər cəhətdən Putinə bənzəyən, ancaq Ukrayna münaqişəsinə münasibəti ilə fərqlənən lider lazımdır. Demoqrafiya, əhalinin və əmək qabiliyyətli insanların sayının azalması millətçilər üçün ən həssas məsələdir. Rusiya robotlaşdırma və istehsalın avtomatlaşdırılması sahəsində qlobal tendensiyalardan xeyli geri qalır. İnformasiya texnologiyaları sahəsinə mütəxəssislərin axını bu problemlərin həllinə kömək etmir. Rusiyanın HƏMAS-a dəstəyindən sonra İsraildən gələn texnologiya idxalı kəskin şəkildə azalıb. Bu halda, məntiqli sual yaranır: “Rusiya Çindən alçaldıcı asılılığa düşmədən Qərbə nə qədər müqavimət göstərə bilər?”

3. Rusiya Çinin vassalıdır. Dövlət başçıları kimi ölkələr də bir-biri ilə sakit və yaxşı rəftar edirlər. Ümumilikdə isə, Rusiyanın əhalisi avropalıdır, çin dilində az adam danışır. İnsanların çoxu ingilis dilində danışır.

Çin də Rusiyadan istənilən asılılığa düşməkdən ehtiyatlanır. Pekinin Monqolustan vasitəsilə yeni qaz tranziti sazişi imzalamaq istəməməsini məhz bununla izah edirlər. Eyni zamanda, Papa taxtına tabe olmamaq tarixi ənənəsinə görə Rusiyada əhaliyə Tevton cəngavərlərini deyil, Qızıl Ordanı seçən Aleksandr Nevski haqqında getdikcə daha çox danışırlar. Orda boyunduruğu sayəsində pravoslav identikliyinin qorunub saxlanması Qərbə tabeçiliklə müqayisədə mütləq yaxşılıq kimi təqdim olunur. Çindən asılı olmaq lehinə dolayısı ilə Qərblə körpülərin yandırılmasının məqsədəuyğunluğu ideyası irəli sürülür.

4.Rusiya Şimali Koreya kimi. Ağır sanksiyalar nəticəsində Rusiyanın beynəlxalq miqyasda tam təcrid olunması.

5. “Rusiya xaosda” variantı. Rusiyanın ərazi bütövlüyünə təhdid prinsipinə söykənib ki, bunun da qarşılığında Moskva rəhm və mərhəmət göstərməyəcək.

Ümumiyyətlə, diplomatiyanın zəruri olduğunu inkar etməyən Kotkin, Kiyevin şərtləri əsasında, yəni ərazilərin itirilməsi hüquqi şəkildə tanınmadan NATO-ya, Avropa İttifaqlına və hər hansı digər beynəlxalq təşkilata üzv olmaq hüququ ilə hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   ssenarilər  





Xəbər lenti