"Hökumət köhnə taksilərin utilizasiyası qərarına yenidən baxmalıdır" - Ekspert

 "Hökumət köhnə taksilərin utilizasiyası qərarına yenidən baxmalıdır" -  Ekspert
  22 Aprel 2024    Oxunub:780
Xəbər verdiyimiz kimi , Azərbaycanda buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələrinin taksi kimi istifadəsinə icazə verilməyəcək. Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. Bu qərar maşın bazarına necə təsir edəcək?
Mövzu ilə bağlı AzVision.az -a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, avtomobil bazarında avtonəqliyyat vasitələrinə tələbat həmişə yüksək olub:

"Təəssüf ki, biz bu tələbatı tələbə çevirmək istiqamətində addımlar atmırıq. Tələbin, idxalın, eləcə də avtomobilləşmənin məhdudlaşdırılması üçün hökumətdəki müəyyən qruplar lazımsız qərarlar qəbul edirlər. Əslində Azərbaycan MDB məkanında avtomobilləşməyə görə sonuncu yerlərdən birini tutur.

Yeni standartların taksi fəaliyyətinə təsiri: Qiymətlər qalxa bilər
Ölkədə avtomobillərin sayı heç iki milyona çatmır. Təqribən hər on nəfərdən ikisinin avtomobili var. Bu göstərici qonşu ölkələrdə, Rusiyada, Gürcüstanda kifayət qədər yüksəkdir. Belə olan halda biz avtomobil bazarında tələb artımından danışa bilmərik", - deyən ekspertin sözlərinə görə, bu gün minik avtomobillərinin ümumi idxal göstəricisi illik 70 -80 mini keçmir.



"Son illərdə avtomobil parklarının yenilənməsi və digər istiqamətlərdə addımlar atılsa da, hökumətin utilizasiya ilə bağlı qəbul etdiyi son qərarı qənaətbəxş hesab etmirəm. Taksi sürücüləri də köhnə avtomobillərin utilizasiyasında maraqlı deyillər. Bu onlar üçün ciddi itkidir.

Bu cür addımlar səbəbindən hazırda Azərbaycan avtomobil bazarında qeyri-dinamik vəziyyət müşahidə olunur. Taksilərlə bağlı yeni qərar avtomobil bazarında işsizliyin artmasına yol açacaq. Bazarda kifayət qədər köhnə avtomobillər var. Onların utilizasiyası sahiblərinin işsizliyi deməkdir. Bu baxımdan hökümət utilizasiya ilə bağlı qərarlarına yenidən baxmalıdır", - R.Osmanlı deyib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   taksi   avtomobilbazarı  





Xəbər lenti