"Ya sat, ya da bağlayıram!" - ABŞ və Çinin TikTok davası

 "Ya sat, ya da bağlayıram!"  - ABŞ və Çinin TikTok davası
  22 Aprel 2024    Oxunub:774
ABŞ Konqresinin Nümayəndələr Palatasının iki gün öncə qəbul etdiyi qanun layihəsi qalmaqala səbəb olub. Sənəddə Çinin "ByteDance" şirkətindən TikTok-dakı payını amerikalılara satması və ya bazarı tərk etməsi tələb edilir.
Dünyaya demokratik dəyərləri təlqin edən amerikalı rəsmilərin bu addımı Çində birmənalı qarşılanmayıb. "ByteDance"ın yaydığı bəyanatda qeyd edilir ki, ABŞ-də TikTok-un qadağan edilməsi 170 milyon amerikalının söz azadlığı hüququndan məhrum edilməsi deməkdir.

Bəyanatda xüsusi olaraq vurğulanıb ki, sözügedən məşhur tətbiq ABŞ rəsmilərinin dəfələrlə bəyan etdiyi kimi, istifadəçilərin məlumatlarını Çin hakimiyyətinə ötürülmək üçün toplamır.

Azərbaycanda "TikTok" bağlandı - YENİLƏNİB
Qeyd edək ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna və İsrailə yardım, Rusiya aktivlərinin müsadirəsi və "ByteDance"nin doqquz ay ərzində öz payını satması və ya TikTok-a qadağa qoyulması da daxil olmaqla bir neçə qanun layihəsini təsdiqləyib. Şirkətə verilən müddət prezidentin fərmanı ilə üç ay uzadıla bilər. Əgər Çin şirkəti tələbləri yerinə yetirməsə, o zaman "Apple" və "Google" TikTok sosial şəbəkə tətbiqini müvafiq olaraq "App Store" və "Google Play"dən silməli olacaqlar. Bu isə o deməkdir ki, istifadəçilər proqramı öz telefonlarına yükləyə bilməyəcəklər.

Bundan əvvəl "The Wall Street Journal" (WSJ) Çin rəsmilərinin TikTok-un belə aşağılanmış formada, şərtlərlə satışına icazə verməyəcəyi barədə yazmışdı.

Hətta səhmləri almağa hazır olanlar da var. Məsələn, ABŞ-nin keçmiş maliyyə naziri və hazırda özəl investisiya şirkəti Liberty Strategic Capital-a rəhbərlik edən Stiven Mnuçin investorlar konsorsiumunu toplayaraq TikTok-u almağa hazır olduğunu bəyan edib. WSJ yazıb ki, sövdələşmə baş tutsa, bu 100 milyard dollar dəyərində olacaq. 2023-cü ildə TikTok-un ABŞ-dakı gəliri ən azı 20 milyard dollar olub.

Ekspertlər bu qərarı ciddi siqnal sayır, dövlətlərin sosial şəbəkələrlə bağlı şirkətlərə təzyiqlərinin artacağını proqnozlaşdırılar. Çünki ABŞ-nin əsasını qoyduğu bu presedent - sosial şəbəkəni ya mənə satmalı ya da bağlanmalıdır şərti dünyada demokratik dəyərlərə zərbə vura bilər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib ki, ABŞ bu məsələyə informasiya təhlükəsizliyi konteksində yanaşır.

Onun sözlərinə görə, hazırda dünyada ayrı-ayrı dövlətləri təhdid edən ən böyük risklərdən biri informasiya təhlükəsizliyi məsələsidir. Ona görə də son dövrlərdə informasiya texnologiyalarının inkişaf etməsi ilə əlaqədar olaraq az qala bütün ölkələr özlərinin təhlükəsizlik doktrinalarına yenidən baxırlar.

- Burada kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələləri önə çıxır. ABŞ dünyanın ən böyük güc mərkəzlərindın biridir. Əslində qlobal informasiya məkanını formalaşdırmaq və informasiyadan vasitə kimi istifadə etməklə başqa ölkələrin informasiya təhlükəsizliyini təhdid edən dövlətlərin başında elə ABŞ durur. Eyni zamanda Vaşinqton demokratiyanı, universal və qlobal dəyərləri öz maraqları üçün alətə çevirərək bu detallar vasitəsilə hədəf kimi müəyyənləşdirdiyi ölkələrin təhlükəsizliyini təhdid etmək, informasiya məkanını idarə etmək üçün istifadə edir.

Məsələ ondadır ki, TikTok ABŞ mənşəli internet resursu sayılmır. Platforma Çin mənşəlidir və amerikanların görmək istədikləri internet resurslarında bu komponent yoxdur. Ona görə də Vaşinqtonda belə hesab edirlər ki, TikTok ölkənin təhlükəsizliyinə təhdid sayılır. Belə olan halda, bu tədbiri bir müdafiə tədbiri kimi qəbul edərək ya TikToku özününküləşdirmək, ya da onu tam bağlamaq istəyirlər, - deputat qeyd edib.

Hikmət Babaoğlu Çin təcrübəsini də xatırladıb. Pekin Facebook-u Google axtarış sistemini özünə yaxın buraxmır. Çinlilər belə hesab edirlər ki, hər iki resurs amerika mənşəli olduğu üçün Vaşinqtonun təhlükəsizliyini təmin edən alətlər sayılır.

- Bu məsələyə haqq qazandırmaq olarmı? Çindən baxanda Pekinin, ABŞ-dən baxanda isə Vaşinqtonun davranışlarına haqq qazandırmaq olar. Çünki nəticə etibarı ilə doğrudan da bu cür universal vasitə ilə, yəni TikTok-la müəyyən məsələlərə müdaxilə etmək olar.

Amma əgər haqqında söz açdığımız məsələ ABŞ-də belə ciddi qarşılanırsa, o zaman amerikalı səlahiyyətlilər dünyada baş verən digər proseslərə də özlərinin yanaşdığı formada baxmalıdırlar. Məsələn, Azərbaycan da özünün informasiya təhlükəsizliyini təhdid edən resurslarla bağlı məsələ qaldıranda bunu düzgün qarşılamalıdırlar. Onlar belə tədbirləri manipulyasiya edərək internet, söz azadlığının pozulması kimi qiymətləndirməməlidirlər. Nəticə etibarilə doğrudan da hər bir ölkənin informasiya təhlükəsizliyi çox böyük risklər altına düşə bilər.

Konkret olaraq, sırf demokratiya, azadlıqlar nöqteyi-nəzərindən baxıldıqda ABŞ-nin bu mövqeyi doğru deyil. TikTok da bir vasitədir və o, insanlar üçün əlçatan olmalıdır. O cümlədən bu, Amerika vətəndaşlarına şamil edilir. Başqa ölkələr öz informasiya təhlükəsizliyini qorumaq üçün hansısa internet resursunu. qlobal imperializmin alətlərinin fəaliyini məhdudlaşdırmaqla bağlı qanunlar qəbul edəndə, ABŞ artıq bunu söz və mətbuat azadlığının pozulması kimi qiymətləndirməməlidir.

Politoloq Qabil Hüseynli ABŞ-nin bu addımının digər dövlətlərə nümunə olacağını düşünür.

- Sosial şəbəkələrə bu formada şərt qoyulması bəlkə də pis bir presedent olacaq. Amma mən məsələyə bir qədər dərindən baxıram. Bu məşhur sosial şəbəkə, haqqında söz açılan şirkət əslində Çin dövləti tərəfindən yaradılıb. Hazırda TikTok digər xalqların mədəni, mənəvi və əxlaqi cəhətdən kölə halına salmağın, təsir etməyin bir yolu kimi görülür. Dünyada artıq anlayırlar ki, TikTok deyilən bu platforma əhalinin maariflənməsinə, müsbət nələrsə əldə etməsi, vaxtının səmərəli keçirməsinə deyil, daha çox insanların korlanmasına, aqressiyaya, qarşıdurmaya meyllənməsi kimi neqativ hallara səbəb olur. Ona görə də hər bir dövlət öz milli maraqlarına uyğun hərəkət edərək müəyyən məhdudiyyətləri ortaya qoymağa başlayıb, - o qeyd edib.

Politoloqun sözlərinə görə, Vaşinqtonda yaxşı anlayırlar ki, bu tətbiqin arxasında böyük maraqlar var: "Hətta şirkətin bu sosial şəbəkədən istifadə edənlərin şəxsi məlumatlarının toplanaraq Pekinə təqdim etməsi iddiası da səslənir. Artıq bir neçə ölkə ABŞ-nin qadağasına oxşar addım da atıb. Əgər Vaşinqton TikToku bağlayacaqsa, əlbəttə ki, bu digər ölkələrə də nümunə olacaq".

Tural Tağıyev
AzVision.az


Teqlər:   Çin   ABŞ   TikTok   Qanun   Politoloq  





Xəbər lenti