Ərdoğan 12 ildən sonra İraqa gedir

   Ərdoğan 12 ildən sonra İraqa gedir
  21 Aprel 2024    Oxunub:638
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra İraqa bir günlük rəsmi səfər edəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində ilk olaraq İraq prezidenti Əbdüllatif Rəşidlə, daha sonra isə İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşəcək. Tarixi səfər zamanı Yaxın Şərqdəki qaynar gündəm, təhlükəsizlik, ticarət əlaqələri və su məsələləri müzakirə olunacaq.

Türkiyə İraqla terrora qarşı birgə əməliyyat mərkəzi yaratmağı planlaşdırır. Prezident Ərdoğanın səfəri zamanı bu mərkəzin də gündəmdə olacağı gözlənilir.

Kritik görüşdə müzakirə olunacaq digər mövzu İraqın su problemidir. Ərdoğan İraqın su ilə bağlı gözləntilərini bildiklərini və bunun qarşılanması üçün səylərin davam etdiyini bildirib. Bu istiqamətdə mühüm addımların atılacağı gözlənilir.

Türkiyə lideri Bağdaddakı rəsmi səfərindən sonra Ərbilə gedəcək. Ərdoğanın İraqa səfəri çərçivəsində Biznes Forumu da keçiriləcək. Türkiyə ilə İraq arasında ticarət həcminin artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq. İnkişaf Yolu Layihəsinin tamamlanmasıyla 2030-cu ildə iki ölkə arasındakı ticarət həcminin 20 milyard dollara çatması hədəflənir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti