Ağdamda minaya düşənlərin vəziyyəti açıqlanıb - YENİLƏNİB

 Ağdamda minaya düşənlərin vəziyyəti açıqlanıb -  YENİLƏNİB
  12 Aprel 2024    Oxunub:2037
Ağdam rayonunun Əliağalı kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlunun sol baldırın aşağı üçdəbirinin pəncə nahiyəsi də daxil olmaqla travmatik amputasiyası, sol budun arxa üçdəbirinin çoxsahəli qəlpə yaralanması travmatik şok diaqnozu qoyulub. Yaralı yüksək şəkərli diabet xəstəsidir. Vaxtilə "Koroner angioplastika" əməliyyatı keçirib. Ona görə də vəziyyəti ağır dəyərləndirilir. Hazırda lazımı ilkin tibbi müdaxilələr icra olunub, müayinələrdən keçirilib. Xəstənin vəziyyəti stabilləşəndən sonra cərrahi əməliyyat planlaşdırılır.

Digər xəsarət alan şəxs - Teymurov Xəqani Allahverdi oğlu isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, xəstəyə sol baldırın aşağı üçdəbir hissəsinin mina partlayışı nəticəsində amputasiyası diaqnozu qoyulub və əməliyyata götürülüb.

* * *

18:11
Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan Mirfəttah Bağırov Bərdə rayon Mərkəzi Xəstəxanasına, Xəqani Teymurov isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb.

* * *

15:07
2024-cü il 12 aprel tarixində Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.

Qeyd olunub ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

“DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır, - deyə məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: hadisə   mina-partlayışı   Ağdam  





Xəbər lenti