Qazaxıstanda pedofillər ömürlük həbs ediləcək

Qazaxıstanda pedofillər ömürlük həbs ediləcək
  11 Aprel 2024    Oxunub:915
Qazaxıstan parlamentinin Senatı (yuxarı palatası) qadınların hüquqlarının və uşaqların təhlükəsizliyinin təmin edilməsinə dair qanunvericiliyə pedofiliya və uşaq qətlinə görə ömürlük həbs cəzasını nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.
Senatın Konstitusiya qanunvericiliyi, məhkəmə sistemi və hüquq-mühafizə orqanları komitəsinin rəyində qeyd edildiyi kimi, bu cinayətlərə görə ömürlük azadlıqdan məhrum etmə “Cinayət Məcəlləsinin mövcud müddəalarında nəzərdə tutulmuş digər alternativ cəzalar istisna edilməklə” müəyyən edilir.

Bundan əlavə, qəsdən sağlamlığa az ağır xəsarət yetirməyə və döyülməyə görə cinayət məsuliyyətinin tətbiqi təklif edilir. Əvvəllər bu cinayətlərə görə inzibati məsuliyyət nəzərdə tutulurdu.

Qanunvericiliyə edilən dəyişikliklərdə intihara təhrik etməyə görə beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayət məsuliyyəti də nəzərdə tutulur. Azyaşlıya, o cümlədən internetdə zorakılığa görə də inzibati məsuliyyət tətbiq edilir.

Parlamentin qəbulundan sonra qadınların hüquqlarının və uşaqların təhlükəsizliyinin təmin edilməsinə dair qanunvericiliyə düzəlişlər imzalanmaq üçün Qazaxıstan prezidentinə təqdim olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti