Cənubi Koreyada Baş nazir istefa verib

Cənubi Koreyada Baş nazir istefa verib
  11 Aprel 2024    Oxunub:923
Cənubi Koreyada aprelin 10-da keçirilmiş parlament seçkilərində hakim Xalqın Gücü Partiyasının müxalifətə məğlubiyyətindən sonra hökumətdə istefalar başlayıb.
Baş nazir Han Dok Su istefa verib. Həmçinin prezident administrasiyasının rəhbər şəxsləri istefa veriblər. İqtidar partiyasının lideri Han Donq-hun seçkidə məğlubiyyətin məsuliyyətini öz üzərinə götürərək istefa verdiyini açıqlayıb.

Prezident Yun Sok Yol seçkinin nəticələri haqqında danışarkən xalqın qərarına tabe olacağını, dövlət işlərində islahatların aparılması, iqtisadiyyatın və xalqın rifahının sabitləşməsi üçün əlindən gələni edəcəyini deyib.

Qeyd edək ki, Milli Assambleyaya keçirilmiş seçkilərdə əsas müxalif qüvvə olan Demokrat Partiyası və ona yaxınlığı ilə tanınan siyasi partiyalar qanunverici orqanda əhəmiyyətli üstünlük qazanıblar. İlkin nəticələrə görə, əsas müxalifət parlamentdəki 300 yerdən 175-nə sahiblənib. Hakim Xalqın Gücü Partiyası və ona yaxın siyasi qüvvələr 108 yer qazana bilib. Kiçik müxalif qüvvə olan Koreyanın Yenidənqurulması Partiyası 12, Yeni İslahat Partiyası 2 yer qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti