Yol polisi velosipedçilərə çağırış ünvanlayıb

   Yol polisi velosipedçilərə çağırış ünvanlayıb
  09 Aprel 2024    Oxunub:926
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) velosipedçilərə çağırış edib.
BDYPİ-dən AzVision.az -a verilən məlumata görə, velosipedçilərin iştirakı ilə baş verən yol qəzalarının əsas səbəblərindən biri bu tip nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsidir. Vurğulanıb ki, ötən il ərzində velosipedçilərin vurulması ilə nəticələnən 29 yol-nəqliyyat hadisəsində 16 nəfərin həyatını itirməsi, 18 nəfərin yaralanması da bu növ qəzaların ağırlıq dərəcəsinin kifayət qədər yüksək olduğunu göstərir.

"Velosipeddən istifadənin ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli olduğunu bildiyimiz kimi, velosipedçinin də yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olduğunu unutmamalıyıq. Qanunvericiliyin tələbinə əsasən velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol ciyinləri ilə hərəkət etməli, idarə etməyə maneə olan yük və ya sərnişin daşımamalı, velosiped isə texniki cəhətdən saz və lazımınca təchiz edilmiş olmalıdır. Bununla yanaşı, velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün tədbirlər görməli, özlərinə və başqalarına təhlükə yaratmamalıdırlar", - məlumatda bildirilir.

AzVision.az


Teqlər: DİN   yol-polisi   çağırış   velosiped  





Xəbər lenti