Borrel: ABŞ-nin Avropa üzərindəki "təhlükəsizlik çətiri" bağlana bilər

   Borrel: ABŞ-nin Avropa üzərindəki    "təhlükəsizlik çətiri"    bağlana bilər
  09 Aprel 2024    Oxunub:908
Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel birlik ölkələrini qoruyan ABŞ “müdafiə çətiri”nin tezlklə bağlana biləcəyini deyib.
AzVision.az xarici media resurslarına istinadən xəbər verir ki, Borrel Avropa İtifaqını hətta Şimali Atlantika Alyansı daxilində belə müdafiə məsələsində yalnız özünə güvənməyə çağırıb.

“Soyuq Müharibə zamanı Avropanı qoruyan Amerika “müdafiə çətiri” kimin Ağ Evə gələcəyindən asılı olaraq tezliklə bağlana bilər. NATO-nun mühüm əhəmiyyəti qalır, lakin NATO daxilində Avropa komponenti olmalıdır”, - Brüsseldə keçirilən konfransda Borel deyib.

Almaniyanın “İfo” İnstitutunun araşdırmasına görə, NATO-nun Avropa üzvləri alyansa müdafiə xərcləri üçün 56 milyard avro borcludur. Bir müddət əvvəl isə, Donald Tramp ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, NATO müqaviləsinin ittifaq üzvünə hücum olacağı təqdirdə kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddəsinin yalnız müdafiə xərcləri üçün müəyyən edilmiş şərtləri yerinə yetirən ölkələrə şamil ediləcəyini bildirib.
“The Washington Post” qəzetinin yazdığına görə, məhz bu baxımdan Avropa ölkələri Birləşmiş Ştatlarsız fəaliyyət göstərə biləcək “NATO-ya əlavə” qurum yaratmaq imkanlarını araşdırır.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Avropanın təhlükəsizlik arxitekturasının yaradıcısı və bu günə qədər də təminatçısı həqiqətən də ABŞ-dir. Lakin SSRİ-nin süqutundan sonra “rus rəhlükəsi”nin birdəfəlk aradan qalxdığını düşünən Avropa ölkələri müdafiə xərclərinə ayrılan vəsaitləri kəskin şəkildə azaldaraq həmin pulları firavan və qayğısız həyatın təminatına yönəltdilər. Maraqlıdır ki, belə siyasət hətta Putin Rusiyasının iddialarının sərtləşməsindən sonra da davam etdi, çünki Avropa istənilən halda “müdafiə çətiri”nin həm hərbi-siyasi, həm də maliyyə yükünü ABŞ-nin öz üzərinə götürəcəyinə arxayın idi.

Lakin ABŞ-nin keçmiş ekssentrik prezidenti Donald Trampın bu məqamla bağlı sərt bəyanatları Avropanın aparıcı dövlətləri, xüsusən də Rusiya ilə pərdəarxası sövdələmələr yolu ilə təhlükəszilik atmosferinin yaradılmasına çalışan ölkələri üçün “soyuq duş” rolunu oynadı. Donald Tramp ABŞ-nin həm Avropanın “təhlükəsizlik çətiri”nin yaradıcısı və təminatçısı, həm də maliyyə agenti rolunda oynayacağı barədə xam xəyalları unutmağın vaxtı çatdığını çox sərt şəkildə onların diqqətinə çatdırdı.

Jozep Borrelin və Brüssel bürokratiyasının ciddi narahatlığı da elə Trampın hakimiyyətə qayıdışı ilə bağlıdır ki, onlar bunu heç gizlətmidlər də. Amma artıq çoxdan “müstəqil siyasət” iradəsini Vaşinqtona təslim etmiş Avropanın aparıcı ölkələrinin liderlərinin və Btüssel bürokratlarının “ Avropa komponentli “müdafiə sistemi”nin yaradılması barədə saysız-hesabsız bəyanatları gəlişi gözəl sözlərdən başqa bir şey deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   ABŞ  





Xəbər lenti