Baş prokurorluq: "Əhməd yenidən müayinə olunacaq"

      Baş prokurorluq:    "Əhməd yenidən müayinə olunacaq"
  08 Aprel 2024    Oxunub:1265
Fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaqı aparılan, cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədov barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o, cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 05.04.2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.

* * *

17:25
Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib.

Həmin rəy istintaq orqanına təqdim edilib.

Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Bir müddət əvvəl məhkəmə istintaq orqanının vəsatəti əsasında onun barəsində psixoloji ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, Əhməd Əhmədovun saxlandığı təcridxanadan tibbi-ekspertizadan keçirilməsi üçün ixtisaslaşmış xəstəxanaya aparılmasına icazə verilib.

Əhməd Əhmədov 20 gün müddətində stasionar qaydada ekspertizadan keçirilib.

Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

AzVision.az


Teqlər: Baş-prokurorluq   cinayət   Əhməd-Əhmədov  





Xəbər lenti