"Yerdə qırılmış başdaşı gördüm" - Qardaşı Qarabağın ilk şəhidinin qəbrini tapdı

      "Yerdə qırılmış başdaşı gördüm"    - Qardaşı Qarabağın ilk şəhidinin qəbrini tapdı
  08 Aprel 2024    Oxunub:1910
“Anam Əli deyə-deyə rəhmətə getdi. Atamın isə qardaşım yuxularından çıxmırdı”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Qarabağda verdiyi ilk iki şəhiddən biri olan Əli Hacıyevin qardaşı Arif Hacıyev deyib. O bildirib ki, bir həftə bundan öncə qardaşının məzarını tapıb.

A .Hacıyevin sözlərinə görə, 32 ildən sonra qəbrin aşkar edilməsi ailənin yarasına məlhəm olub.

“Ağdam işğaldan azad olunandan sonra 4-5 dəfə qardaşımın dəfn olunduğu Qarağacı qəbirstanlığına gedib məzarı axtardım, ancaq tapa bilmədim. Bu il martın 31-i minalı ərazilər olmasına baxmayaraq, risk edib yenidən axtarmağa başladım. Qəbirstanlıqda yerdə qırılmış başdaşı gördüm. Ona yaxınlaşanda üstündəki yazıdan qardaşımın məzarının olduğunu anladım.

Həmin an keçirdiyim hissi sözlə ifadə edə bilmərəm. Onun qəbrinin tapılması həyatda yeganə arzum idi. Buna görə də həyatımı riskə atmışdım.

Ailədə 6 uşaq olmuşuq. Əli bizim sonbeşiyimiz idi. Onun ölümü onsuz da ürəyimizdə yaraya çevrilmişdi. Məzarına həsrət qalmağımız isə lap çətin idi. Anam Əli deyə-deyə rəhmətə getdi. Atamın yuxularına girirdi. Hətta ölümündən bir gün öncə də yuxusuna gəlmişdi.

Məzarı tapanda bacılarımın ağlaması, çığırtı səsləri qulağımdan getmir. Sonradan yenidən onun məzarını ziyarət etdim, üzərinə bayraq sancdım, dağılmış yerlərini bərpa etdim. İndi elə bil ki, yanan ocağın üzərinə su səpildi”.

A.Hacıyev deyir ki, Qarabağın digər ilk şəhidi Bəxtiyar Quliyevin də məzarını axtarır.

“Bəxtiyar Ağdamın Muğanlı qəbirstanlığında dəfn edilmişdi. Onun da məzarını axtarıram. Ancaq buna zaman lazımdır, həmin ərazilərdə mina çoxdur. Əlinin qəbri tapılanda Bəxtiyarın bacısı zəng edib gözaydınlığı verdi, qardaşını yada salıb kövrəldi”, - deyə A. Hacıyev bildirib.

Qeyd edək ki, 1988-ci ildə Sovet İmperiyasının rəhbərləri tərəfindən himayə olunan Ermənistan Azərbaycana qarşı torpaq iddiasına başladı. Bu iddia bir ssenari ilə həyata keçirilirdi.

1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.

Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi. Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız issialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşdı. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru hərəkət etdi. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.

Əli ilə Bəxtiyar da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı var səsləri ilə hayqırırdılar. Azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Əli və Bəxtiyar şəhid edildilər.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti