Kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib

 Kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib
  06 Aprel 2024    Oxunub:1220
Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib.
AzVision.az xəbər verir ki, məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində Vaqif Cəmil oğlu Məhərrəmovun şəxsiyyəti müəyyən edilib.

Qeyd edək ki, daha əvvəl səkkiz nəfərin, o cümlədən Vaqif Cəmil oğlu Məhərrəmovun həyat yoldaşı Bəsirə Vəli qızı Məhərrəmovanın şəxsiyyəti müəyyən edilib.

Xocalı soyqırımı zamanı itkin düşmüş Bəsirə Vəli qızı Məhərrəmova və Vaqif Cəmil oğlu Məhərrəmovun qalıqları Zabrat qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır.

Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (onlardan 4 nəfərinin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.
AzVision.az



Teqlər:





Xəbər lenti