Sidneydə təhsil alan 5 medallı müharibə veteranı: "Həyat mənə ikinci şansı vermişdi"

  Sidneydə təhsil alan 5 medallı müharibə veteranı:  "Həyat mənə ikinci şansı vermişdi"
  04 Aprel 2024    Oxunub:1945
Kənan Rəhimli 2019-cu ildə ADA Universitetini yüksək nəticələrlə bitirib. Hər kəs onun xaricdə magistratura təhsili alacağını düşünsə də, o, bütün planları alt-üst edərək müddətli həqiqi hərbi xidmətə yollanıb. Lakin hər şey gözlənildiyi kimi olmayıb... Öncə COVID-19 pandemiyası, daha sonra isə 44 günlük Vətən müharibəsi... Beləliklə, sentyabrda doğum gününü qeyd edən Kənan müharibədə iştirak edib, yaralanıb və veteran vəsiqəsi alaraq 5 medala layiq görülüb. O, hazırda Sidneydə magistratura təhsili alır.
AzVision.az Kənan Rəhimlinin uğur hekayəsini təqdim edir:

- İlk olaraq özünüz haqqında məlumat verərdiniz.

- 1997-ci il sentyabrın 26-da Bakı şəhərində anadan olmuşam. Ailənin böyük övladıyam, məndən kiçik qardaşım və bacım var. Orta məktəb təhsilimi 1 il Zəkalar liseyində, 2004-2014-ci illərdə isə Heydər Əliyev adına liseydə almışam. Təhsilə marağım da elə bu illərdən başlayıb. Əslində həm sinif yoldaşları, həm də məktəb müəllimlərim baxımdan şansım gətirmişdi. Bizim sinif o dövrdə məktəbdə ən yaxşılardan idi. Mehriban və sağlam rəqabət olan bir sinifdə təhsil aldım. İndi də sinif yoldaşlarımla əlaqələrimiz itməyib.

- Bakalavr təhsilinizi harada almısınız?

- Məktəbdə oxuyarkən riyaziyyat, ingilis dili, coğrafiya və tarix fənlərini çox sevirdim. Son 2 il ərzində də sistemli hazırlaşandan sonra 2014-cü ildə 680 balla ADA Universitetinin "Biznesin İdarə edilməsi" fakültəsinə daxil oldum. 1 il ingilis dili , 4 il isə ixtisasım üzrə təhsil almaqla 2019-cu ildə məzun oldum.

- Yəqin ki, hələ o vaxtdan xaricdə təhsilə marağınız olub. Bakalavr təhsili zamanı buna cəhdlər etmişdiniz?

- Xaricdə oxumağa marağım məktəb vaxtından olub. Amma o zamanlar necə müraciət edəcəyim və ya hara gedə biləcəyimlə bağlı məlumatım çox yox idi. ADA-ya daxil olandan sonra bir növ gözüm açıldı. Bakalavr təhsilinin ikinci ilini bitirən kimi universitet daxilində tələbə mübadiləsi (exchange program) proqramına müraciət etdim və Erasmus+ təqaüdü ilə 1 semestr Litvanın Kaunas şəhərində yerləşən "Kaunas University of Technology"də təhsilimi davam etdirdim.

İlk dəfə idi ki, xarici ölkəyə gedirdim və orada təhsil alırdım. Bakalavr təhsilimin tən ortasına təsadüf etdiyi üçün deyə bilərəm ki, həyatımda önəmli dönüş nöqtələrindən biri və ilki oldu.

19 yaşında heç bir təcrübəm olmadan getdiyim bir mühitdən fərqli və daha təcrübəli qayıtmışdım. Məsələn, müxtəlif ölkələrə səyahət etdim, ingilis dilimi, xüsusən də danışığı daha da təkmilləşdirdim. Ailədən kənarda yaşaya bilməyi, pulu xərcləməyi, vaxtı düzgün idarə etməyi, ən əsası xarici mühitin nə demək olduğunu öyrəndim və dərk etdim.

Qayıdandan sonra da təhsilimi davam etdirdim. Bakalavr dövrü mənin üçün çox dəyərlidir. Tənqidi düşüncəm, araşdırma qabiliyyətim, ingilis dilim, sahə biliyim və ən əsas dünyagörüşüm bu illərdə formalaşıb. Peşəkar müəllimlərdən dərs aldım, yaxşı dostluqlar qurdum. Bakalavrın son ili yaxınlaşanda isə bir qərar verməli idim. İlk olaraq bir çoxları kimi xaricdə magistraturaya hazırlaşmaq qərarına gəldim. Hətta ingili dili sertifikatı və xaricdən qəbul da almışdım, amma nəsə qərarımın düzgün olduğundan əmin ola bilmirdim.

Bunun bir sıra səbəblər var idi. Mən hələ də özümü tam təcrübəli hiss etmirdim və zaman lazım idi. Son semestrdə müddətli həqiqi hərbi xidmətə yollanmağa və qayıdandan sonra bir müddət işləməyə qərar verdim. Ona görə də tələsmək istəmədim. Ətrafımda hamı bu qərarımdan şok olmuşdu. Hətta o zaman qrup yoldaşlarım zarafat edirdi ki, "bizi göndərirsən, özün əsgərliyə gedirsən". Və beləcə 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollandım.



- Amma hər şey planladığınız kimi alınmadı...

- Əvvəl deyirdim ki, 1 ildi də hamı kimi gedib xidmətimi edib qayıdacağam, amma heç də elə olmadı. Əsgərliyin ilk 3 ayını çıxmaqla, qalan dövrü tamamilə pandemiya vaxtına təsadüf etdi. Nəticədə 6 ay sonra 10 günlük məzuniyyətə belə gələ və valideynlərimlə görüşə bilmədim. Amma hərbi hissədən kənarda da pandemiyanın olması və pozitiv heç nə olmaması darıxmamaq üçün təsəllim idi. Mən Gəncə şəhərində N saylı hərbi hissədə xidmətdə olmuşam. O zaman şəhid general-mayor Polad Həşimov da korpus komandirinin müavini kimi xidmət göstərirdi. Neçə dəfə hərbi hissəyə ziyarətə gəlmişdi. 2020-ci ilin iyul ayında baş verən Tovuz hadisələri də bizim korpusun ərazisində olmuşdu. O zaman heç kim heçnə demirdi, amma hamının üzündəki o kədəri görmək mümkün idi. Lakin müharibə... heç kimin ağlına gəlmirdi.

Sentyabr 26-sı doğu günümdü. Evə getməyimizə az vaxt qalmışdı. Əsgər yoldaşlarım arasında da təxris vaxtına ən yaxın ad günü mənim idi və bunu qeyd eləmək üçün bizə yaxşı bəhanə idi. Qeyd etməyə hazırlaşırdıq ki, taborlardan birinin təcili çıxışı ilə hər şey dəyişdi...


Beləliklə, sentyabrın 27-si səhərini müharibə ilə açdıq. Çətin günlər idi. Mənim hələ də detallı şəkildə o həyəcan siqnalı ilə çıxmağımız, yola düşməyimiz və döyüşə başlamağımız yadımdadı. Biz Füzuli istiqamətindən daxil olduq, Cəbrayıl, Qubadlı və Laçın rayonları uğrunda əməliyyatlarda aktiv iştirak etdik. İlk günlər başımız dumanlı idi və olanları dərk etmirdik, çünki bütün bunları həm düşünməmişdik, həm də gözləmirdik. Hər kəs üçün 1 faizlik ehtimal real olmuşdu. O hissləri ifadə etmək çətindi. Hər gün irəli getdikcə həm özgüvən, fəxr, həm də narahatlıq, stress və qəm artırdı. Torpaqların azad olunması sevinc bəxş edirdisə, əsgər yoldaşlarımızın şəhid olması göz yaşlarına səbəb olurdu. Günlər keçdikcə artıq bu mənzərəyə və dəhşətə öyrəşirdik. Oktyabrın 30-a qədər bir neçə dəfə şansım gətirdi. Lakin həmin gün Laçında təxminən 3 metrliyimə qəfildən mərmi düşdü. Ağır yaralansam da huşumu itirməmişdim. O anda baş verənləri indi də xatırlayıram. Hələ də başa düşə bilmirəm ki, necə sağ qala bildim, çünki məntiqi heç bir əsas yox idi. Sadəcə həmişə özümə deyirəm ki, Allahın işidir, deməli, bir səbəb var ki, belə olmalı imiş.

Ondan sonra özümə tək bir söz verdim: daima öz üzərimdə çalışıb, irəli gedəcəm. Çünki əsgər yoldaşlarımın şəhid olduğu həmin gün mənim üçün ikinci bir şans idi və özü özlüyündə məsuliyyət yaradırdı. Bunu düzgün dəyərləndirmək lazımdır. Bir də ən vacib nüansı da qeyd edim: müharibədə insan sahib olduğu hər şeyin və hər kəsin qədrini daha yaxşı anlayır. O mühitdə olduğun yerə qədər yığılan xatirələr gözünün qarşısında lent kimi keçir.

Prezident İlham Əliyev tərəfindən Cəbrayıl, Qubadlı, Laçın rayonlarının azad olunması, "Hərbi xidmətlərə görə fərqlənməyə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunmuşam. Eyni zamanda "Müharibə veteranı" vəsiqəm var.

Allaha şükür ki, torpaqlarımız azad oldundu və müharibə bitdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!



- Bəs nə zaman təxris olundunuz?

- Ümumilikdə, hərbi xidmətim 1 il 6 ay çəkdi və 2021-ci il aprelin 1-də təxris oldum. Aprelin 2-dən isə artıq karyerama fokuslandım. Bir neçə ay özümü professional olaraq təkmilləşdirdikdən sonra işləməyə başladım, amma həmişə təhsilimi davam etdirmək məqsədim olub. Sadəcə təcrübə əldə edib, magistraturaya gələndə məsələlərə daha fərqli və ciddi yanaşırsan. Bu, mənə görə daha effektivdir və indi də o fərqi burada (Sidneydə) görürəm.

- Magistratura təhsilinizi alacağınız ölkəni necə seçdiniz?

- Xaricdə təhsil üzrə 2022-2026-cl illəri əhatə edən Dövlət Proqramına müraciət etdim. Hal-hazırda proqram vasitəsilə Avstraliyada dünyanın top universitetlerindən biri olan Sidney Universitetinində "Master of Data Science" üzrə təhsil alıram. 2024-cü ilin fevralın 13-dən burdayam.

Cənub yarımkürəsində olduğu üçün hal-hazırda Sidneydə payızdır. Avstraliyanı seçmə qərarıma ADA-da təhsil alan zaman müəllimlərimdən biri təsir göstərib. O, bu universitetdə təhsil alıb. Həm də özüm Avstraliyanı, təhsil sistemlərini bir xeyli araşdırmışdım.

Universitetin reytinqi (QS rankda 19-cu yerdə yerləşir), araşdırma yönümlü olması və xüsusən də mənim sahəm üzrə yaxşı kurikulumu seçimimdə önəmli faktorlardan oldu. Ümumən Avstraliyadakı universitetlər araşdırma baxımından çox inkişaf edib. Coğrafi cəhətdən maraqlı və fərqli yer olmasının da yaxşı təcrübə olacağını düşündüm.


Hazırda Sidney şəhərindəyəm. Bura çox məşhur, beynəlxalq və turistik bir yerdir. Sidneydə yerli əhalidən əlavə, bura yaxın olan Asiya qitəsinin xalqları, xüsusən də Çindən, Taylanddan, Filippindən, İndoneziyadan, Honk Konqdan, Hindistandan olanlar üstünlük təşkil edir. Amma burada türklərin, ərəblərin, yunanların, yerlilərin (aborigenlərin), iranlıların da icmaları da var və sayları heç də az deyil.


- Qrup yoldaşlarınız arasında azərbaycanlılar var? Avstraliyada Azərbaycan haqqında nə bilirlər? Ümumiyyətlə, fərqli məkan sizi necə qarşıladı?

- Qrup yoldaşlarım əsasən asiyalı və "Aussie"lərdi. Mənim oxuduğum sahəmdə tək azərbaycanlı mənəm. Gələndə mədəni şok yaşayacağıma inanmırdım, amma elə olmadı. Bura ingilis dilli ölkə olsa da, Avropa deyil. Özünəməxsus mədəniyyət, ləhcə və heyvanlar aləmi var. Təzə gələndə ilk 1 həftə mənə çətin olmuşdu, amma dərslər dərhal başladığı üçün bir növ adaptasiya prosesini sürətlə keçə bildim. Bəlkə də ingilis dilli ölkələr arasında ən rahat (easy-going) və xoşbəxt ölkədir. Deyərdim ki, bu, ilboyu əsasən isti və günəşli iqlim şəraiti və insanların idmana (surfing, running əsasən) marağına görədir. Bir sözlə, həm mədəniyyət həm də təbiət cəhətdən çox fərqlidir. Burada azərbaycanlılar var və əsasən Melburn və Sidneydə qalırlar. Gələndən hər iki şəhərdən bir çox azərbaycanlılarla tanış olub, danışmışam. Düzdür digər ölkələrlə müqayisədə say azdır, amma müəyyən bir icma formalaşdırıblar.
Avstraliyalılar Azərbaycanı daha çox "Formula 1" yarışlarına görə tanıyırlar. Amma burada olan pakistanlılar da bizim haqqımızda məlumatlıdırlar. Lakin digər millətlər Azərbaycanı elə də tanımırlar.

Son olaraq, bu qərarım anidən verilməmişdi. Uzun müddət planlaşdırırdım və düzgün zamanı gözləyirdim. Belə bir yerdə olmağımı valideynlərim çox istəyirdi. Onlar çox əziyyət çəkiblər. Həmişə də məni dəstəkləyiblər və məni məktəb vaxtından azad, öz qərarlarını verə bilən bir fərd kimi böyüdüblər. Xüsusən də bugün anamın yarımçıq qalan arzusunu reallaşdırdığım üçün çox xoşbəxtəm. Bugün burada olmağıma görə bütün məktəb, universitet müəllimlərimə və mənə bu yolda dəstək olan digər şəxslərin hamısına təşəkkür edirəm.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti