XRİTDX rəisinin rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdədir

XRİTDX rəisinin rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdədir
  02 Aprel 2024    Oxunub:637
Martın 29-da Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri başlayıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən AzVision.az -a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti bulud həlləri üzrə dünya liderlərindən olan "Alibaba Cloud" şirkətinin Çinin Hanqjou şəhərində yerləşən baş ofisində olublar.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyəti ilə "Alibaba Cloud" şirkətinin prezidenti Selina Yuan və şirkətin əməkdaşları arasında görüş keçirilib. Görüşdə şirkətin mütəxəssisləri "Alibaba Cloud"un bulud həllərinin müxtəlif tətbiq istiqamətləri, bulud həllərində informasiya təhlükəsizliyi, məlumatların saxlanması, verilənlər bazası, süni intellekt həlləri, eləcə də maye soyutmalı məlumat mərkəzlərinin qurulması təcrübələri haqqında ətraflı məlumat vermiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, "Gartner" analitik şirkətinin məlumatına görə, "Alibaba Cloud" Çində və Asiya-Sakit okean regionunda ən böyük bulud hesablama şirkətidir. Belə ki, şirkət dünya üzrə 24-dən çox regionda və 74 əlçatanlıq zonasında məlumat mərkəzlərini idarə etməklə geniş müştəri spektrinə, o cümlədən dövlət qurumları, bütün ölçülərdə onlayn bizneslər və iri müəssisələrə bulud hesablama xidmətləri göstərir.

AzVision.az


Teqlər:





Xəbər lenti