Pərviz Şahbazov rumıniyalı həmkarı ilə görüşüb

Pərviz Şahbazov rumıniyalı həmkarı ilə görüşüb
  01 Aprel 2024    Oxunub:709
Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan rumıniyalı həmkarı Sebastiyan İoan Burduja ilə görüşüb.
Energetika Nazirliyindən AzVision.az -a verilən məlumata görə ki, Hökumətlərarası Komissiya çərçivəsində baş tutan görüşdə Azərbaycan və Rumıniyanın strateji tərəfdaşlıq əsasında münasibətləri inkişaf etdirən dost ölkələr olduğu vurğulanıb. Əməkdaşlıq əlaqələrinin yeni inkişaf mərhələsinə yüksəlməsində strateji əhəmiyyətli enerji layihələrinin rolundan bəhs olunub. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi, “Qara dəniz LNG” layihəsi, “Həmrəylik Halqası”, SOCAR və “Romgaz S.A.” arasında qaz tədarükü, həmçinin “Transgaz” ilə qaz nəqli üzrə əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair müzakirələr aparılıb. Neft və neft məhsullarının ticarəti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub.

“Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində “yaşıl enerji dəhlizi” layihəsinə Rumıniyanın dəstəyi yüksək qiymətləndirilib. Bu dəhliz üzrə Birgə Müəssisənin yaradılması üçün məsləhətçi hüquq şirkətinin müəyyənləşdirilməsi və Ümumi və ya Ortaq Maraqlar Layihəsi (PCIs/PMIs) statusuna müraciət istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Layihənin icra prosesinin sürətləndirilməsi ilə bağlı səylərin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Söhbət zamanı enerji məsələlərinin tənzimlənməsi sahəsində hər iki ölkənin müvafiq qurumları arasında intensiv əlaqələrin qurulması və əməkdaşlığın gücləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsi razılaşdırılıb.

AzVision.az


Teqlər: Azərbaycan   Rumıniya   energetika   nazir   görüş  





Xəbər lenti