Qubada III Aqrobiznesin İnkişafı Forumu başa çatıb - FOTOLAR

Qubada III Aqrobiznesin İnkişafı Forumu başa çatıb -    FOTOLAR
  29 Mart 2024    Oxunub:1075
Qubada keçirilən III Aqrobiznesin İnkişafı Forumuna yekun vurulub.
AzVision.az xəbər verir ki, Forum çərçivəsində üçüncü panel sessiyada kənd təsərrüfatı kooperativlərinin aqrobiznesin inkişafında rolundan bəhs olunub.

Bu panel sessiyada Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayeva “Azərbaycanda kooperativlərin mövcud vəziyyəti və nazirlik tərəfindən görülən işlər”, Ankara Universitetinin müəllimi Bülent Gülçubuk “Kooperativlərin inkişaf tarixi və Türkiyədə mövcud vəziyyət”, Kənd təsərrüfatı kooperativləri üzrə beynəlxalq ekspert Sara Vicari “Bazarda rəqabətliliyin artırılması üçün kənd təsərrüfatı kooperativlərinin təşviqi layihəsi çərçivəsində əldə edilmiş ilkin təhlillərin nəticəsi”, FAO rəsmisi Kristina Mitic “Torpaq konsolidasiyası və torpaq bankçılığının iqtisadi və ekoloji səmərəliliyi” mövzularında təqdimatlar keçiriblər.

Mütəxəssislər kiçik pay torpaqlarının birləşdirilməsi nəticəsində kooperativlərin yaradılması yolu ilə daha səmərəli aqrar fəaliyyətin təşkili və effektiv torpaq idarəçiliyi məsələsinə toxunublar. Ekspertlər bildiriblər ki, kənd təsərrüfatı kooperativlərinin yaradılması torpaqlardan daha səmərəli istifadəyə imkan verir, fermerlərin gəlirləri daha da artmış olur. Bu üsul, həmçinin rəqabətqabiliyyətli məhsul istehsalına imkan verir, xarici bazarlara çıxışı asanlaşdırır. Kooperativləşmə aqrar sahədə bir çox məsələləri daha asanlıqla həll etməyə imkan verir. Effektiv torpaq idarəçiliyi isə torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşısının alınması işinə mühüm töhfə verir.

Forumun dördüncü panel sessiyasında Türk Dövlətləri Təşkilatı (TDT) regionunun kənd təsərrüfatı potensialından bəhs olunub. Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Azad Cəfərli, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Baş direktor müavini Ahmet Volkan Güngören, Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq və investisiyaların tətbiqi şöbəsinin müdiri Nurlıbek Sapabekov, Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyinin Aqrar-sənaye klasterləri şöbəsinin müdiri Damira Askarbekova, Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq şöbəsinin müdiri Bekzodbek Nuriddinov TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayıblar. Tədbirdə TDT ölkələri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq imkanları müzakirə olunub. Sessiyada çıxış edən natiqlər Türk dövlətlərinin kənd təsərrüfatının bütün istiqamətləri üzrə geniş əməkdaşlıq potensialının olduğunu bildiriblər.

Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, mütəxəssislər iştirakçıların suallarını cavablandırıblar.

Tədbirdə kənd təsərrüfatının maliyyələşdirilməsində uğur hekayələrindən bəhs olunub, uğurla maliyyələşdirmə əldə etmiş və əməliyyatlarını genişləndirmiş yerli təsərrüfatlar və ya aqrobizneslər barədə videotəqdimatlar keçirilib. Daha sonra kənd təsərrüfatında dövlət dəstəyinin təmin edilməsində, kiçik və orta fermerlərin istehsal vasitələri ilə təmin olunmasında, fermerlərin dövlət vəsaiti hesabına kreditləşməsində, aqrar maliyyələşmə sahəsində yeni innovativ məhsulların təqdimatında iştirak edən müvəkkil kredit təşkilatlarına mükafatlar təqdim olunub.

Forumda yekun nitq ilə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev və FAO-Azərbaycan Ofisi rəhbərinin müavini Bariz Mehdiyev aktual mövzular ətrafında müzakirələrin aparıldığı bu forumun aqrobiznesin inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar. Natiqlər qeyd ediblər ki, bu kimi tədbirlər aqrobiznes sektorunun inkişaf dinamikasının müəyyənləşdirilməsində mühüm rol oynayır.

Yekun çıxışdan sonra Aqrobiznesin İnkişafı Forumu öz işini başa çatdırıb.

AzVision.az

Qalereya




Teqlər: Aqrobiznesin-İnkişafı-Forumu   Quba  





Xəbər lenti