Yeni standartların taksi fəaliyyətinə təsiri: Qiymətlər qalxa bilər

      Yeni standartların taksi fəaliyyətinə təsiri:    Qiymətlər qalxa bilər
  29 Mart 2024    Oxunub:2695
Azərbaycanda taksilərin fəaliyyəti bağlı yeni standartlar qəbul olunub. Standarta əsasən taksilərin üzərində müəyyən tanınma nişanları quraşdırılmalıdır. Belə ki, avtomobilin damında “Taksi” tanınma nişanı olan müvafiq fənər, hər iki tərəfdən qabaq və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş, dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır. Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi, fərqləndirici nişanları isə qara-sarı və ya qara-ağ rəngdə olmalıdır.
Eyni zamanda yeni standarta əsasən ölkədə istismar edilən taksi minik avtomobilləri nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış ili 15 ildən artıq olmayan avtomobillər olmalıdır.

Yeni qəbul edilən standartlar ölkədə taksi fəaliyyətində kəmiyyət və keyfiyyət baxımından hansı yeniliklərə səbəb olacaq?

Taksi fəaliyyəti ilə bağlı təkmilləşdirmə prosesinin getdiyini deyən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, artıq bu sahədə problemlər həllini tapmaq üzrədir.

"Qərarlar verilib, qaydalar təsdiqlənib. Ümid edirəm ki, onların icra mexanizmində də hər hansı problem olmayacaq. İndiyə qədər taksi fəaliyyəti sahəsində ciddi boşluqlar olub. Qəbul edilən qərarda əsas yenilik taksi kimi fəaliyyət göstərəcək avtomobillərin buraxılış ilidir. Hal-hazırda imkan yaradılıb ki, 3 ay ərzində istehsal ili 15 ili ötməyən avtomobillər üçün sürücülər taksi buraxılış kartı ala bilsinlər. İyulun 1-dən etibarən edilən müraciətlərdə isə avtomobillərə ağ və qırmızı rəngdə olması və istehsal ilinin 8 ili ötməməsi tələbi qoyulacaq. 3 aydan sonra 15 il icazəsi alan taksilərə heç bir problem yaradılmayacaq. Avtomobilin 15 yaşı tamam olanda buraxılış kartı alınacaq".

Ekspert qeyd edib ki, yeniliklərdən biri də taksilərə kameraların quraşdırılmasıdır. Bu da taksilərdə baş verən və olacaq cinayət hadisələri ilə əlaqədardır.

"Müştərilərin şikayətləri əsasında da bu kameraların görüntülərinə baxılacaq və hər şey aydınlaşacaq. Bu məsələdə sürücülər bir məsələyə diqqət etməlidirlər. Videoqeydiyyata düşən görüntülər onların şəxsi məhsulu deyil və həmin görüntüləri yaya bilməzlər. Məsələn, "mənim sərnişinim içkili idi, belə danışdı. Filankəs məşhur sevgilisi ilə taksiyə oturmuşdu və s". görüntüləri paylaşmaq cinayət məsuliyyətinə səbəb olacaq. Bu görüntülər lazım olduqca AYNA və polisə təqdim edilə bilər" .

E.Muradlı taksi fəaliyyəti üçün ölkəyə gətirilən "Prius"ların çoxunun artıq taksiyə yaramadığını qeyd edib. Çünki onların istehsal ili 15 ili ötüb.

"Yeni standartların qiymətlərə təsirinə gəlincə bu, dövlət tərəfindən tənzimlənmir, tələb-təklif əsasında şirkətin marağında olan məsələdir. Şirkətlər ola bilsin ki, təzə avtomobillər alacaqlar. Belə olanda qiymətləri bahalaşdırmaq lazımdırsa, özləri edəcək. Gələcəkdə ola bilər ki, tələb dəyişə bilər və başlanğıc qiyməti 2,50 yox daha yuxarı edə bilərlər".

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, yeni standartlarda əsas məqsəd taksi xidmətinin fəaliyyətini təhlükəsiz və keyfiyyətli etməkdir. Onun sözlərinə görə, Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin 50 faizinin yaşı 15-dən yuxarıdır.

"Taksilərlə bağlı tələblər bu ilin yanvar ayının 1-dən elan olunmalı idi. Sadəcə dövlət sosialyönümlü siyasəti davam etdirirərək sürücülərə bir qədər möhlət verdi. Yeni standartların təxminən Novruz bayramı tətillərindən sonra elan ediləcəyi bilinirdi. Düşünürəm ki, bu, doğru addımdır. Çünki bu gün Bakı şəhərində həddindən çox taksi sürən şəxs var. Taksilərdə peşəkarlar çalışmalıdır, bura əyləncə naminə gələnlər başqa peşələrlə məşğul olmalıdırlar. Bakı şəhərində taksi fəaliyyəti peşəkar sahə kimi yenidən dirçəlməlidir. Taksi ictimai nəqliyyatın bir qoludur. Necəki avtobus seqmentində çalışan sürücülər səliqə-səhmana və qaydalara əməl edirlər, taksi sürücüləri də belə olmalıdır",- deyə ekspert əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti