AMEA-da Elm Günü qeyd edilib - FOTOLAR

AMEA-da Elm Günü qeyd edilib -    FOTOLAR
  27 Mart 2024    Oxunub:1317
Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Elm Günü münasibətilə “Elm Günü və günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda tədbir keçirilib.
AMEA-dan AzVision.az -a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Xalq rəssamı akademik Ömər Eldarovun ilk dəfə təşkil olunmuş fərdi heykəltəraşlıq sərgisi, elmi ictimaiyyətə ilk dəfə təqdim olunan AMEA loqosunun eskizləri sərgisi, eləcə də Arxeologiya və Antropologiya İnstitutunun sərgisi ilə tanış olublar.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Elm Günü və günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda nitqi dinlənilib. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bu əlamətdar günün ölkəmizdə geniş qeyd olunduğunu söyləyib.

Azərbaycan elminin qədim tarixi kökləri olduğunu bildirən AMEA rəhbəri Orta əsrlərdə və sonrakı dövrlərdə alim və mütəfəkkirlərimizin öz elmi fəaliyyətləri ilə bütün dünyaya səs saldıqlarını bildirib. Həmçinin həmin dövrlərdə elmi ideyaların görkəmli ədəbi mütəfəkkirlərimizin əsərləri vasitəsilə ictimaiyyətə aşılandığını və nəticədə elmin cəmiyyətdə öz nüfuzunu artırdığını vurğulayıb.

Azərbaycan elminin təşkilatlanmasından sonra bu prosesin geniş vüsət aldığını söyləyən akademik İsa Həbibbəyli 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradıldığını, 1932-ci ildə bunun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin təşkil edildiyini, 1935-ci ildə isə SSRİ EA Azərbaycan filialına çevrildiyini diqqətə çatdırıb. Nəhayət, 1945-ci il martın 27-də 15 həqiqi üzvün iştirakı ilə Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunduğunu bildirib.

AMEA-nın ötən 80 ilə yaxın müddətdə şərəfli inkişaf yolu keçdiyini deyən akademik İsa Həbibbəyli bu inkişafın təmin edilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, sovet dövründə Heydər Əliyevin təşəbbüsü ilə Elmlər Akademiyasının maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulub, elmi tədqiqatların ölkə həyatı ilə əlaqələndirilməsi üçün geniş imkanlar yaradılıb. Müstəqillik illərində isə Ümummilli Liderin Fərmanı ilə 2003-cü ildə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusu verilib.

Hazırda Azərbaycan elminin Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli elmi tədqiqatların ölkəmizin inkişaf strategiyasına və milli prioritetlərə uyğun həyata keçirildiyini, nəticədə böyük uğurların əldə olunduğunu söyləyib. Həmçinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin təşkil olunduğunu, Yüksək Texnologiyalar Parkının yaradıldığını, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının yeni binasının tikildiyini, Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının yeniləşdirildiyini, Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsinin təsdiq olunduğunu diqqətə çatdırıb.

Prezidentin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı ilə Azərbaycan elminin inkişafında yeni mərhələnin başlandığını bildirən akademik İsa Həbibbəyli Elm və Təhsil Nazirliyinin AMEA ilə birgə ölkəmizdə elmi fəaliyyətin təşkili və nüfuzunun artması istiqamətində mühüm səylər göstərdiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”ndə AMEA-da görülən genişmiqyaslı işlərdən də danışıb, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərini əks etdirən 50-dən çox fundamental monoqrafiya və sanballı nəşrlərin ərsəyə gətirildiyini söyləyib.

AMEA rəhbəri həmçinin Qarabağın və Şərqi Zəngəzurun tarixinin, folklorunun, mədəniyyətinin, arxeologiyasının öyrənildiyini və bu mövzuda kitablar nəşr edildiyini bildirib.

Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış konsepsiyasından irəli gələrək həyata keçirilən işlərdən də bəhs edən akademik İsa Həbibbəyli AMEA-da Qərbi Azərbaycan Tədqiqatları Əlaqələndirmə Şurasının təşkil olunduğunu, Tarix və Etnologiya İnstitutunda Qərbi Azərbaycan Tarixi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru, Dilçilik İnstitutunda Toponimika şöbələrinin yaradıldığını diqqətə çatdırıb.

Struktur islahatlarından danışan AMEA rəhbəri Tarix İnstitutunun bazasında Tarix və Etnologiya İnstitutunun, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əsasında Arxeologiya və Antropologiya İnstitutunun təşkilinin akademiyada yeniləşmə proseslərinin mühüm hadisələrindən olduğunu deyib. Bundan əlavə, AMEA-nın müxtəlif elmi müəssisələrində müasir tələblərə uyğun olaraq “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı”, “Türk xalqlarının tarixi və etnologiyası”, “Xəzərin arxeologiyası”, “Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı”, “İdrak nəzəriyyəsi və məntiqi”, “Türk xalqlarının əlyazmaları”, “Musiqi folkloru” şöbələrinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy Türk Ədəbiyyatı Mərkəzinin yaradıldığını bildirib.

Akademik İsa Həbibbəyli akademiyada aparılan islahatlar sırasında elektron hərəkatın xüsusi yer tutduğunu, elmmetrik hesablamaların aparılması, AMEA alimlərinin əsərlərinə istinadların müəyyən edilməsi üçün beynəlxalq elmi bazalarda profillər yaradılması, elmi jurnalların elektron bazasının qurulmasının həyata keçirilməsi üçün MDB məkanında ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasında Elektron akademiya şöbəsinin yaradıldığını vurğulayıb. Eyni zamanda, şöbənin əməkdaşları tərəfindən MDB məkanında ilk dəfə, Türk dünyasında isə TÜBİTAK-dan sonra məhz ölkəmizdə Virtual Elektron Resurslar Sisteminin yaradıldığını deyib. Hazırda Elektron akademiya şöbəsi tərəfindən elmmetrik hesablamalar aparmaq bacarıqlarına malik robot texnologiyalarının modelini yaratmaq üzərində işlər aparıldığını diqqətə çatdırıb.

AMEA-nın beynəlxalq əlaqələrinə də toxunan akademik İsa Həbibbəyli 2023-2024-cü illərdə akademiyanın 3 beynəlxalq elmi təşkilatın üzvlüyünə qəbul edildiyini, Türkiyə, Pakistan, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Monteneqro Elmlər akademiyaları ilə müqavilələrin bağlanılaraq əlaqələrin genişləndirildiyini söyləyib. Həmçinin AMEA-nın türk dövlətlərinin akademik qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

“Türk dünyası ilə elmi əlaqələrin daha da genişləndirilməsi, humanitar və ictimai elmlər sahəsində süni intellektin tətbiqi, AMEA-nın embleminin dəyişdirilməsi və yeni loqotipinin yaradılması, müstəqil dövlətimizin daha da inkişaf etdirilməsində Azərbaycan elminin rolunun artırılması qarşıdakı başlıca hədəflərimizdəndir”, - deyə AMEA prezidenti diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli çıxışının sonunda Prezident İlham Əliyevin Azərbaycan elminə daim diqqət və qayğı göstərdiyini vurğulayıb və alimlərimizin ölkə rəhbərinin qarşıya qoyduğu mühüm vəzifələri məsuliyyətlə yerinə yetirdiklərini bildirib.

Sonra “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş şəxslərə mükafatları təqdim olunub.

Tədbirdə akademik Akif Əlizadə çıxış edərək Milli Elmlər Akademiyasına qayğı göstərildiyini, elm xadimlərinin təkliflərinə daim diqqətlə yanaşıldığını deyib, təltif olunanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Döş nişanı və Fəxri fərmanları şuranın sədri Eldar Quliyev tərəfindən elm xadimlərinə təqdim edilib.

Təltiflərdən sonra Milli Məclisin deputatı Eldar Quliyev elmi ictimaiyyəti təbrik edib, alimlərə yeni nailiyyətlər arzulayıb.

Tədbir çərçivəsində həmçinin “Xalq rəssamı, akademik Ömər Eldarovla dialoq: sənət dünyası və gələcəyə baxış” mövzusunda görüş təşkil olunub.

Görüşdə akademik İsa Həbibbəyli ömrünün 70 ildən çoxunu heykəltəraşlıq sənətinə həsr etmiş Ömər Eldarovun zəngin yaradıcılıq yolundan bəhs edib. Bildirib ki, görkəmli sənətkar Azərbaycan heykəltaraşlıq sənətinə “düşünən heykəllər” silsiləsini gətirib. Akademik Ömər Eldarovun məhsuldar yaradıcılıqla yanaşı, həm də Azərbaycanın elmi-ədəbi və ictimai-mədəni həyatının fəal iştirakçısı olduğunu söyləyən AMEA rəhbəri qeyd edib ki, məşhur heykəltaraş tərəfindən respublikamızda peşəkar rəssam və heykəltəraşlıq məktəbi formalaşıb.

Sonra akademik Ömər Eldarov uşaqlıq illərindən, sənət yolundan bəhs edib. Diqqətə çatdırıb ki, Fəxri xiyabanda ucalan bütün heykəl və büstlər onun əl işidir. Ömər Eldarov yaratdığı obraz və kompozisiyalardan, görkəmli şəxsiyyətlərlə işindən, təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkəsində yaratdığı əsərlərdən danışıb.

Daha sonra Ömər Eldarovun həyat və fəaliyyətini əks etdirən “Hələ axşam deyil” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleyman çıxış edərək Prezident İlham Əliyevin Elm Gününün təsis edilməsi haqqında müvafiq Sərəncamının Azərbaycan elminə, təhsilinə böyük diqqət və qayğının təzahürü olduğunu vurğulayıb, əlamətdar gün münasibətilə elmi ictimaiyyəti təbrik edib. Turxan Süleyman elmlə təhsilin vəhdətinin vacibliyini qeyd edib, 2023-cü il noyabrın 28-də dövlətimizin başçısının imzaladığı Sərəncamla Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının tarixi hadisə olduğunu bildirib. Diqqətə çatdırıb ki, bu qərar bütövlükdə Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq. O, alimləri və gənc tədqiqatçıları Qarabağ Universiteti ilə əməkdaşlığa dəvət edib.

Sonra çıxış edən Milli Məclisin mədəniyyət Komitəsinin sədri Fazil Mustafa AMEA-nın Azərbaycan xalqının intellektual potensialının formalaşmasında, onun sosial-ictimai tərəqqisində mühüm rol oynayan qurum olduğunu deyib. Prezident İlham Əliyevin elmi ictimaiyyətə hər zaman dəstək olduğunu söyləyən Fazil Mustafa ölkə rəhbərinin elmlə bağlı, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra sərəncam və fərmanlar imzaladığını xatırladıb. O, dünya elminin çağırışlarına cavab verən elmi tədqiqatlara üstünlük verməyin, Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmağın vacibliyini qeyd edib.

Çıxışlardan sonra akademik Yusif Məmmədəliyev haqqında film nümayiş etdirilib.

Daha sonra elmi fəaliyyətində fərqlənən bir sıra alimlərə AMEA-nın Fəxri fərmanları təqdim olunub.

Sonda Azərbaycan Milli Elmlər Akademiyasının Marşı səsləndirilərək tədbirə yekun vurulub.

AzVision.az

Qalereya




Teqlər: AMEA   Elm-Günü   tədbir  





Xəbər lenti