Şahruddin: "Azarkeş olsaydım, mən də stadiona gəlməzdim"

Şahruddin:    "Azarkeş olsaydım, mən də stadiona gəlməzdim"
  26 Mart 2024    Oxunub:1058
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Bolqarıstana qarşı keçirilən oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- “FIFA series - Edition 2024” layihəsi çərçivəsində millimizin Monqolustan və Bolqarıstana qarşı keçirdiyi oyunları necə dəyərləndirirsiniz?

- İlk oyunu Monqolustana qarşı keçirdik. Rəqib hörmətlə yanaşsaq da, məlum məsələdir ki, Monqolustan nisbətən zəif komandadır. Prinsipcə, biz daha ciddi rəqiblərlə qarşılaşmaq istərdik. Monqolustanla 90 dəqiqəni hücumda keçirsək də, yalnız sonda fərqlənə bildik. Bolqarıstana qarşı da yaxşı oynadıq. Rəqib demək olar ki, bütün gücünü müdafiəyə yönəltmişdi. Bu matçda da qələbə qazana bilərdik. Təəssüf ki, heç-heçə ilə kifayətləndik. Düşünürəm ki, çox yaxşı komandamız var. Bu kollektivə daha çox güvənmək lazımdır.

- Bu 2 oyun Azərbaycan millisinə nə qazandırdı?

- Bolqarıstanla matç komandaya inam qazandırdı. Biz göstərdik ki, futbol oynaya bilirik. Daha əvvəl bunu İsveçlə matçda da isbatlamışdıq. Dediyim kimi, hazırda yaxşı kollektivimiz var. Hər mövqedə bacarıqlı futbolçular cəmləşib. Xüsusən də “Qarabağ”ın gənclərini qeyd etmək istərdim. Elvin, Toral “Braqa” və “Bayer” kimi rəqiblərə qarşı əla futbol sərgilədilər. Bu, yaxşı göstəricidir. Düşünürəm ki, daha əvvəl belə hallar olmayıb. Gənclərə daha çox inanmaq lazımdır. İstərdik ki, azarkeşləri stadiona qaytaraq. Təbii ki, bu, heç də asan deyil. Mən insanları qınamıram. Çox istərdim ki, azarkeşlər millini daha çox dəstəkləsinlər. Çünki bizim cəmi 1 milli komandamız var, ikincisi yoxdur.

- Millinin oyununa az sayda azarkeşin gəlməsinin əsas günahkarı, səbəbkarı kimdir?

- Birinci günahkar bizik. Çünki nəticə yoxdursa, dünyanın harasında olursa olsun, azarkeş stadiona gəlmir. Öz oyunumuzla bu vəziyyəti dəyişməliyik. “Qarabağ”ın avrokubok oyununda stadionda izdiham yaşanır. Yenə deyirəm ki, mən azarkeşləri qınamıram. Üstəlik, bu gün (söhbət dünən olub - red.) hava da soyuq idi. Açıq deyim ki, azarkeş olsaydım, mən də stadiona gəlməzdim. İsti çayımı içərək matça televizordan baxardım.

- Son günlər Gürcüstan millisi barədə çoxlu müzakirələr aparılır. Klub səviyyəsində biz onlardan xeyli öndəyik. Lakin milli səviyyəsində vəziyyət əksinədir. Sizcə, Gürcüstan millisindən nə qədər geri qalırıq?

- Məncə, biz gürcülərdən geri qalmırıq. Yaxud Qaxaxıstandan. Hesab edirəm ki, biz onlardan zəif deyilik. Bəli, Qazaxıstan Millətlər Liqasında vuruşdu, bir qədər də bəxtləri gətirdi ki, ev oyununda bizə qalib gəldi. Lakin nə qazaxlardan, nə də gürcülərdən zəifik. Bizə bir qədər vaxt lazımdır. Çox şey uyğun gəlməlidir. Məsələn, Millətlər Liqasında bəxt bütün məsələlərdə Qazaxıstanın üzünə güldü. Lakin yekunda yunanlara 0:5 hesabı ilə uduzdular. Gürcüstan millisinin heyətində Avropanın aparıcı klublarında çıxış edən futbolçular var. Bütün bunları nəzərə almaq lazımdır.

- De Byazinin gedişindən sonra millidə nə dəyişib?

- Arif müəllim onunla birgə işləyib. Bolqarıstanla matçdakı taktika ilə De Byazinin dövründə də oynayırdıq. Yəni De Byazinin düşündükləri yenə də meydanda idi. Məsələn, Rahil sağ cinah müdafiəçisi kimi çıxış edirdi, yaxud Toral daha irəlidə qərarlaşmışdı. Sadəcə De Byazinin özü yox idi. Arif müəllim də bizi sıxmırdı, oynamaq üçün dəstək olurdu.

- “Qarabağ”ın “Braqa”ya, “Bayer”ə qarşı matçlarını izləyərkən komandanı tərk etdiyiniz üçün təəssüflənmədiniz?

- Yox. Buna yalnız sevinirdim, xüsusən də “Braqa” ilə Bakıdakı matçda. Görüşə qazax komanda yoldaşımla birgə baxırdım. O anlaya bilmirdi ki, ayrıldığın kluba necə belə dəstək olmaq mümkündür. Çox şadam, indi də sevinirəm ki “Qarabağ”da oynamışam.

- Şahruddin Məhəmmədəliyev tənqidləri necə qəbul edir?

- Qapıçı mövqeyi elədir ki, sənin hər bir səhvin göz önündədir. Mən elə oyunçuyam ki, risk etməyi sevirəm. Məhz bunun sayəsində qapıda dayanmışam. Risk və istək. Ola bilər bəzən daha çox risk etmişəm. Belə götürəndə bu günə qədər təəssüfləndiyim ən böyük səhvim “Viktoriya Plzen”lə matçda olub. Qalanları sadəcə bəxtsizlik idi. İndiyə kimi anlamıram ki, “Rakov”un fərqləndiyi epizodda top qapıdan necə keçdi. Bəlkə də bundan sonra o cür 100 dəfə zərbə endirilsə, hamısını dəf edərəm.

- “Qarabağ”da səhv edərkən Qurban Qurbanov hər zaman sizə dəstək olurdu. Bu baxımdan “Adana Demirspor”da vəziyyət necədir?

- Çox böyük fərq var. Hoca hocadır. Onu heç kimlə müqayisə edə bilmərəm. Məşqçilik bir yana, söhbət insanlıqdan gedir. Bunu təkcə mən yox, “Qarabağ”ın formasını geymiş hər bir futbolçu deyə bilər. Siz məşqləri görmürsünüz. “Rakov”la matçdan sonra nə yaşadığımı, hansı hisslər keçirdiyimi komanda yoldaşlarım, məşqçilər, hoca görüb.

- Milli komandanın yeni baş məşqçisi yerli olmalıdır, ya əcnəbi?

- Bu, mənim səlahiyyətim çərçivəsində deyil. Mənim işim bütün gücümü meydanda qoymaqdır. Dünən Rahil Məmmədovla söhbət edərkən dedim ki, nəsə etməliyik. Milli ilə hansısa turnirdə çıxış etməyi çox istəyirəm. Fərqi yoxdur milliyə kim rəhbərlik edəcək. Əsas odur ki, yığmaya fayda versin. Kim nə deyir desin, nə qədər tənqid olunsaq da, komanda inamlı çıxış edir. Hamısı oynayan uşaqlardır. Milli səviyyəsində ciddi uğur qazanmağı çox istəyirəm.
AzVision.az



Teqlər:





Xəbər lenti