Bağanis-Ayrım soyqırımından 34 il ötür

   Bağanis-Ayrım soyqırımından 34 il ötür
  24 Mart 2024    Oxunub:998
Erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi Bağanis-Ayrım soyqırımından 34 il ötür.
1990-cı il martın 24-də saat 8 radələrində azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə onları öldürmək, eləcə də beynəlxalq hüquq normaları və Azərbaycan qanunları ilə müəyyənləşdirilmiş əsaslar olmadan kənd sakinlərini daimi yaşayış yerlərindən didərgin salmaqla onları qovmaq, azərbaycanlı əhaliyə, onların evlərinə, idarə müəssisə və təşkilatlara basqınlar etmək və azərbaycanlılara qarşı digər cinayətlər törətmək məqsədilə qanunsuz erməni silahlı birləşmələri Ermənistan ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum ediblər.

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev “Report”a bildirib ki, erməni silahlıları müxtəlif istiqamətlərdən çeşidli hərbi texnika, döyüş və xüsusi təyinatlı nəqliyyat vasitələri ilə kəndə daxil olaraq iriçaplı odlu silahlardan, pulemyotlardan, avtomatlardan, qumbaraatanlardan intensiv atəşlər açmaqla əhalini, yəni dinc kənd sakinlərini küçələrdə və öz evlərində atəşə tutub: "Nəticədə məhz azərbaycanlı olduqlarına görə üçü qadın, biri 39 günlük körpə olmaqla, 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla öldürülüb, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Eyni zamanda, 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıblar".

5 may 2005-ci il tarixdən etibarən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin ibtidai araşdırmaya prosessual rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq həyata keçirilib: "Cinayət işinin istintaqı zamanı konkret olaraq Bağanis-Ayrım soyqırımı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Həmin şəxslər barəsində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və onların axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda Azərbaycan Respublikasının Baş prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti ilə bu istiqamətdə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bağanıs Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub. Erməni quldurları bu qanlı hadisədən sonra Qazaxın daha 6 kəndini - Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər. Bu gün Qazaxın yeddi kəndi terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altındadır".

AzVision.az



Teqlər:





Xəbər lenti