DİM adından saxta səhifə və qrup yaradanlara XƏBƏRDARLIQ

DİM adından saxta səhifə və qrup yaradanlara    XƏBƏRDARLIQ
  18 Mart 2024    Oxunub:645
Dövlət İmtahan Mərkəzi (DİM) qurumun adından və loqotipindən (emblemindən) istifadə olunmaqla yaradılan saxta səhifə və qruplar barədə hüquq mühafizə orqanlarına müraciət edəcək.
Bu barədə AzVision.az -a DİM-dən məlumat verilib.

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Facebook”, “Instagram”, “Telegram” “TikTok” və digər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla saxta səhifə və qruplar yaradılır.
Bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər isə bəzi hallarda özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində qeydiyyat və s. xidmətləri həyata keçirə biləcəklərini yazırlar.

İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara, həmçinin sonradan abituriyentlərin Mərkəzə etdikləri müraciətlərə diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur.

Qeyd edək ki, Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla yaradılan saxta səhifə və qruplar barədə hüquq mühafizə orqanlarına müraciət olunacaqdır.
Abituriyentlər hər hansı bir imtahana qeydiyyat, ümumiyyətlə qəbul kampaniyası dövründə diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər. Qəbul kampaniyasının istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət Mərkəzləri qəbul kampaniyası müddətində DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat, Sumqayıt Dövlət və Azərbaycan Dövlət Aqrar Universitetlərində fəaliyyət göstərirlər.

Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı, yalnız Mərkəzin saytını və linkləri şərhdə yerləşdirilmiş səhifələrini izləməyi tövsiyə edirik.

AzVision.az


Teqlər:





Xəbər lenti